Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiya prezidentinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni görüşə sayılı dəqiqələr qalıb. Sayca onuncu olan görüşə baxış müxtəlifdir.
Məhz prezidentlərinin Soçi görüşü ərəfəsində Kremlin mətbuat xidməti açıqlama yayıb. Deməli Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini etimadın gücləndirilməsinin vacibliyinə ardıcıl şəkildə inandırır və Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci il martın 5-də Soçidə qəbul etdiyi birgə bəyanat da bu məqsədin nail olunmasına yönəlib. Həmin bəyanatda bütün mübahisəli məsələlərin sülh vasitələri ilə həll etmək və atəşkəs xəttində baş verən insidentlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında araşdırmaq cəhdləri öz əksini tapıb.
Maraqlı məqam ondan ibarətdir ki, rəsmi İrəvanla Moskvanın ortaq mövzusu meydana çıxıb. Məhz insidentlərin araşdırılması. Elə prezidentlərin yeni görüşü barədə razılaşmanın mövcudluğu təsdiqlənən kimi rəsmi İrəvan Bakını təmas xəttində insidentlərin araşdırılmasına dair ATƏT tərəfindən təklif edilən mexanizmi əngəlləməkdə günahlandırıb.. Bu barədə əvvəlcə erməni KİV-lərinə məlumat ötürülüb. Orada deyilirdi ki, ötən il dekabrın 22-də ATƏT-in Vyanadakı qərargahında təşkilatın 2012-ci il üçün büdcəsi müzakirə edilərkən Azərbaycan ATƏT sədrinin Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin büdcəsinin artırılmasına qarşı çıxıb. Bildirilir ki, əksər ölkələr ATƏT sədrinin şəxsi nümayəndəsinin Ermənistan-Azərbaycan təmas xətti boyu atəşkəsin pozulması insidentlərini araşdırması üçün büdcəsinin artırılmasını dəstəkləyiblər. Azərbaycan tərəfi isə bildirib ki, insidentlərin araşdırılması mexanizmi aydın olmadığı üçün buna razılıq verə bilməz. Qeyd edək ki, təmas xəttində insidentlərin araşdırılması üçün yeni mexanizm ötən il ərzində həmsədrlər tərəfindən təklif edilib. Həmçinin vasitəçilər tərəflər arasında qarşılıqlı etimad yaratmağa hesablanmış tədbirlər də təklif edirlər. Bildirilirdi ki, prezidentlər bu təkliflərə razılıq veriblər.
Ermənistan xarici işlər naziri E.Nalbəndyan İrəvanda keçirdiyi brifinqdə deyib ki, Azərbaycan tərəfi təmas xəttində insidentlərin araşdırılması mexanizmini əngəlləyir. Onun sözlərinə görə, Azərbaycan tərəfi insidentlərin araşdırılmasının yeni mexanizminə dair razılaşmanın mövcudluğunu, ümumiyyətlə, təsdiq etmir. Nalbəndyan dekabrda Azərbaycan tərəfinin ATƏT-də bu məsələyə qarşı çıxdığını da deyib. Bununla belə, Nalbəndyan deyib ki, müzakirələr davam edəcək və təmas xəttində yeni insidentlərin baş verməsini əngəlləməyə xidmət edən həmin mexanizmin qəbul edilməsinə ümid var. Rəsmi Bakı məsələyə hələ şərh verməmişdi
Rəsmi Bakı isə görşə ümidlə baxır. Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərin yanvarın 23-də Soçidə keçiriləcək görüşünə toxunan Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, görüş bundan sonrakı prosesin necə olacağını göstərəcək. Odur ki, görüşdən proseslərin necə inkişaf edəcəyi haqqında danışmaq olar. Milli Məclisin vitse-spikeri Bahar Muradova isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun həmsədr ölkələrin fəallığı müsbət nəticə verə bilər. Yanvarın 23-də keçiriləcək prezidentlərin növbəti görüşü ilə bağlı fikir söyləyən vitse-spiker bildirib ki, danışıqların davam etməsi münaqişənin sülh yolu ilə həlli limitinin hələ tükənmədiyini göstərir.
Ekspertlərə görə, səlahiyyət müddətinin başa çatmasına az qalan Rusiya prezidentinin yeni Qarabağ təşəbbüsü müsbət heç nə vəd etmir. Ən yaxşı halda bu danışıqlar prosesə Rusiyanın nəzarətini saxlamaq və hərbi əməliyyatların başlamasına imkan verməyib tərəfləri danışıqlar masası arxasında tutmaq məqsədinə xidmət edə bilər. Trioya gəlincə vəziyyətin dəyişmə ehtimalıda az özünü biruzə verir. ATƏT-in Minsk Qrupunda həmsədrlər olan ABŞ və Fransa digər həmsədrin - Rusiyanın təkbaşına və nəticəsiz qalan vasitəçiliyini əngəlləmək istəmir. Sanki Vaşinqton və Paris danışıqlar prosesindən kənara çəkilib. Doğrusu, Fransanın fəallaşması ehtimalı da bizə yaxşı heç nə vəd etmir. Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri onun Azərbaycanla müqayisədə Ermənistana necə önəm verdiyini ortaya qoydu. Elə Fransa Senatının bu gün "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanunu təsdiqləməyə hazırlaşması da Parisin ermənipərəst mövqeyinin rəsmiləşməsi deməkdir. ABŞ-ın hazırkı administrasiyasının isə ümumiyyətlə Cənubi Qafqazın problemlərinə marağı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB