Əli Abbasov: “25 sayta edilən kiberhücumların 24-i İrandan, 1-i isə Niderladdan daxil olub”

Əli Abbasov: “25 sayta edilən kiberhücumların 24-i İrandan, 1-i isə Niderladdan daxil olub”

Yanvarın 16-da ölkədə fəaliyyət göstərən 25 internet resursuna kibermüdaxilə olunması ilə bağlı aparılan araşdırmaların nəticəsi açıqlandı. SİA-nın xəbərinə görə, bununla bağlı jurnalistlərə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, son illər əsasən inkişaf etmiş ölkələrdə kibermüdaxilələrin sayı, həcmi və onlardan vurulan zərbələrin sürətlə artması müşahidə olunur və bu, internetin inkişafı ilə bağlıdır. Nazirin sözlərinə görə, Cənubi Qafqaz regionunda, o cümlədən İran, İsrail və Səudiyyə Ərəbistanında da belə hallara rast gəlinir.


"Yanvarın 16-da baş verən kibermüdaxilələrin nəticələri iki saat ərzində aradan qaldırılıb. "Bu istiqamətdə araşdırmalarımız artıq başa çatıb. Məlum olub ki, müdaxilələrin 24-ü İrandan, 1-i isə Niderlanddan daxil olub. Kibermüdaxilələr Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşən saytlara olub", - deyə o əlavə edib.


Hadisə ilə bağlı dünən iranlı həmkarına məktub göndərdiyini deyən Ə.Abbasov vurğulayıb ki, məktubda kibermüdaxilələrin olunduğu dəqiq ünvanların müəyyənləşməsi xahiş edilib: "Adətən kibermüdaxilələrin gəldiyi ölkələr tranzit ölkə olaraq seçilir. İnanıram ki, bu qanunsuz kiber müdaxilələrin İran hökumətinə, İranın heç bir dövlət strukturuna aidiyyəti yoxdur. Bu ya qanundan kənar fəaliyyət göstərən hakerlər, ya da İranın tranzit ölkə seçildiyi digər ölkələrədən olan müdaxilələrdir. Dünya ölkələrində belə həmlələrin sayı çoxalıb. Yanvarın 17-də İranın 35 saytına müdaxilələr olunub, yanvarın 19-da isə Ermənistanın 315 saytı dağıdılıb. Bunların qarşısını almaq üçün ölkə daixlində qanunsuz fəaliyyət göstərən hakerlərin fəaliyyətini nəzarətə almaq lazımdır, həmçinin bütün ölkələrlə beynəlxalq əməkdaşlıq olmalıdır. Bu sahədə İrana yardım lazım olsa, Azərbaycan öz potensialından istifadə edərək yardım etməyə hazırdır".


Ə.Abbasov deyib ki, Azərbaycanda internet səhifələrinin açılması sahəsində genişlənmə və inkişaf çox sərbəst aparıldığından internetin belə zəif nöqtələri olur. "Qərara gəlmişik ki, bu sahədə kompleks tədbirlər həyata keçirək. Buraya normativ hüquqi sənədlərin hazırlanması, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi aiddir. Bu tədbirlərin həyata keçirilməsində digər qurumlarla da əməkdaşlıq edəcəyik. Son zamanlar internet səhifələrin yaradılması da kortəbii gedir. Azərbaycanda internet sistemi tam azaddır və heç bir dövlət müdaxiləsi yoxdur".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə