20 Yanvar Azərbaycan tarixində ucaldılmış qəhrəmanlıq abidəsir - FOTOSESSİYA

20 Yanvar Azərbaycan tarixində ucaldılmış qəhrəmanlıq abidəsir - FOTOSESSİYA

Bu gün "Səs" qəzetinin redaksiyasında 20 Yanvar faciəsinin 22-ci il dönümünə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, toplantıda çıxış edən ziyalılar faciənin başvermə səbəblərindən, Azərbaycan tarxində qoyduğu izlərdən danışıblar. Toplantı iştirakçıları ilk olaraq 20 Yanvar faciəsində şəhid olanların ruhunu yad ediblər.


Dəyirmi masada iştirak edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, 1990-ci ildə Moskva özünün son silahı olan terrora əl atdı. Gecə saat 12-də xəbərdarlıq belə edilmədən Bakıya hücum edildi və dövlət səviyyəsində terror təşkil olundu. Elə o zamandan da Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi başlandı.


Toplantıda çıxışı zamanı Yeni Azərbaycan Partiyası (YAP) Siyası Şurasının üzvü Aydın Hüseynov bildirib ki, o dövr Azərbaycanın həyatında olduqca ekstrimal vəziyyət idi. Hadisə baş verən zaman xalqın çox güvəndiyi insanlar onları qoyub harasa qaçmışdı. Həmçinin Azərbaycanda həmin vaxt ciddi informasiya blokadası mövcud idi. Faciənin səhəri ulu öndər Heydər Əliyev beynəlxalq ictimaiyyətə bəyanat verərək bu faciənin əsl mahiyyətini açdı. Ulu öndərin bu bəyanatından sonra da xalqda yenidən özünəinam, ümid yarandı.


Dəyirmi masada çıxışı zamanı polkovnik İldırım Məmmədov bildirib ki, 1990-cı illərdə Azərbaycanda 7 hərbi aerodrom var idi. Faciə baş verən zaman ölkədə daxili problem və nöqsanlar da çox idi. İldırım Məmmədov çıxışı zamanı bunları da əlavə edib ki, əgər bu gün rəsmi Moskvanın əlində imkan olsa, yenidən eyni vəhşiliyi törədər.


Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov isə bunun əvvəlcədən planlaşdırılan bir ssenari olduğunu vurğulayıb. Faciədən öncə Bakıdan Xankəndiyə gedən zaman yolda cibindən ona məxsus olmayan sənəd tapdığını deyən AHB sədri bildirib ki, həmin sənəddə yalnız Azərbaycan SSR sözlərindən başqa bütün mətn rus dilində yazılıbmış. Onun sözlərinə görə, sənəddə Azərbaycan ərazisində rəsmi və qeyri-rəsmi milli azlıqlar, qaçqınlar və başqa kütlələr arasında qarışıqlıq yaradılması haqda planlar öz əksini tapıb.


Dəyirmi masadakı çıxışı zamanı "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı faciədə Azərbaycandakı informasiya blokadasından danışaraq belə vəziyyətdə jurnalistlərin öz peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərini bildirib. Akif Aşırlı eyni zamanda qeyd edib ki, o zaman Azərbaycan jurnalisti həm siyasətçi, həm təşkilatçı kimi çıxış edərək faciənin düzgün işıqlandırılması ilə bağlı əlindən gələni edib.


"Vəhdət" partiyasının sədri Tahir Kərimli çıxışı zamanı Rusiyanın faciədə iştirak edən hərbçilərinə veteran adı verilməsi məsələsinə diqqət çəkərək vurğulayıb ki, bu barədə mütləq dövlət səviyyəsində məsələ qaldırılmalıdır və qətliam törədənlərin veteran sayılamaları ədalətsiz qərardır.


Politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, 20 Yanvar faciəsi SSRİ-nin bir layihəsi olub. O qeyd edib ki, bu layihənin tərkibində başqa ölkələr də olub. "İslami dəyərlər daha qabarıq olduğu üçün layihənin Azərbaycanda reallaşdılımasına qərar verilib",- deyə C.Nuriyev əlavə edib. Politoloq 20 Yanvar faciəsində əsas günahkarın Kreml olduğunu, lakin AXCP-nin də məsələdə rolunun danılmaz olduğunu deyib. C.Nuriyev Azərbaycanın bu barədə mütləq beynəlxalq məhkəməyə müraciət etməli olduğunu vurğulayıb.


Toplantıda çxış edən politoloq Elman Nəsirli ümumulikdə bu kimi facilələrlə bağlı 108-dən çox sənədin toplandığını, lakin heç birinin işlənmədiyini diqqətə çatdırdı. E.Nəsirli düşünür ki, bu faciənin əsl mahiyəti heç vaxt açılmayacaq, çünki bu faciənin baş verməsi konkret olaraq kiməsə lazım olub: "Bunun həyata keçirilməsindəki risk əmsalı əvvəlcədən hesablanıb".


Hadisə baş verən zaman Dövlət Televiziyasının enerji blokunun dağıdılması prosesindən danışan Rafiq Rəhimli isə qeyd edib ki, faciə ilə bağlı yalnız ölkədaxili məlumatlar vermək olurdu: "Bu, yalnız Dövlət Radiosu ilə mumkün idi".

O bildirib ki, ilk dəfə bu barədə İran kanalları vasitəsi ilə dünyaya məlumat ötürmək mümkün olurdu.


Tarixçi Firudin Cümşüdlü olanların tarixi baxımından əllərindən gələni etdiklərini, dövlət adamlarının və rəsmi şəxslərin isə bu faciə ilə bağlı dünyaya müraciət etməli olduqlarını vurğulayıb.


Sonda dəyirmi masa iştirakçıları 20 Yanvar hadisələrinin Azərbaycanın tarixində faciə kimi yox, şanlı qəhrəmanlıq tarixi olaraq qalacağını bildirdilər.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə