İldırım Məmmədov: “Azərbaycan öz mövqeyini ortaya qoymaqla Qəbələ RLS-i bağlaya bilər”-MÜSAHİBƏ
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədovun Səs TV-yə müsahibəsi:
- Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-nin icarə müddətinin uzadılması ilə bağlı hazırda danışıqlar prosesi davam edir. Bütün bunlar ABŞ-ı narahat etməyə başlayıb. Ümumiyyətlə, Qəbələ RLS və onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Qəbələ Radiolokasiya Stansiyası ötən əsrin 1970-80-ci illərinə uyğun olan texnologiya əsasında qurulub. Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən \"Daryal\" tipli stasionar radiolokasiya stansiyasıdır.
Bu stansiya SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. 1985-ci ildən istismara verilən bu stansiya, texniki parametrlərinə görə dünyada analoqu olmayan 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi, bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.
Qeyd edək ki, stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilıb. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 7 mln. dollar ödəməklə icarəyə verıb.
Hal-hazırda stansiyada 1400 nəfər Rusiya hərbçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də fəaliyyət göstərir. Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilər.
- Qəbələ RLS-nin Rusiya tərəfindən modelləşməsi və icarə haqqının uzadılması ABŞ niyə narahat edir?
- Rəsmi Moskvanın Qəbələ RLS-in icarə müddətinin ömrünün daha 13 il uzatmaq istəyi, eyni zamanda stansiyanı bir az da modernləşdirmək niyyəti, Azərbaycanla Rusiya arasında davam edən danışıqlar prosesi ABŞ-ın narahatlığına səbəb olub. Bir sözlə, Azərbaycan yenidən Rusiya və Amerika Birləşmiş Ştatlar arasında davam edən geostrateji çəkişmənin mərkəzindədir.
ABŞ əvvəlcə stansiyanın icarə müddətinin artırılması planlarından və məsələ ilə bağlı Azərbaycanla danışıqlara başlamasından narahat deyildi. Hətta stansiyanın Rusiya ilə birgə işlədilməsi təşəbbüsünə ABŞ o qədər də ciddi yanaşmamışdı. Rusiya tərəfindən danışıqların gedişində yeni şərtlərin irəli sürülməsi vəziyyəti dəyişib. Rusiyanın Azərbaycan tərəfinə Qəbələ RLS-ini söküb, yerində daha müasir, geniş imkanlara malik stansiya quraşdırmaq təklifi ABŞ-da ağıllı-başlı narahatlıq yaradıb.
Rəsmi Pentaqon dərk edib ki, Rusiya Qəbələ RLS-ni söküb, yerində yenisini quraşdırmaqla Birləşmiş Ştatlarla Avropada raketdən müdafiə sistemi elementlərini yerləşdirməsini balanslaşdırmağa çalışır. Azərbaycan ərazisindəki Qəbələ RLS də daxil olmaqla bir sıra radiolokasiya sistemləri və ballistik raketlər Amerikanın planlarını neytrallaşdırmaq üçün səfərbər olunacaq.
Azərbaycan tərəfi bu mürəkkəb situasiyada Qəbələ RLS-ni Rusiyaya icarəyə verilməsində tələsməməyi qərara alıb. Dekabrın 30-da prezident İlham Əliyev stansiyaya dair Rusiya ilə danışıqlar aparan işçi qrupunun tərkibini təsdiqləyib. Qrupa müdafiə naziri və digər bir sıra dövlət qurumlarının rəhbərləri daxildir. Rusiya danışıqların ən uzağı yanvarda yekunlaşmasını gözləyirdi, ancaq görünən odur ki, danışıqlar hələ uzanacaq. Azərbaycan Qəbələ RLS məsələsindən dünyanın iki böyük dövləti qarşısında öz maraqlarını təmin etmək üçün maksimum faydalanmağın yollarını axtarır.
- Azərbaycanla Rusiya arasında 2012-ci ilin dekabr ayında bağlanan icarə müddəti başa çatır. Bu müqavilənin daha 13 il müddətinə uzadılması və icarə haqqının 15 milyon dollar məbləğində razılaşdırılması, ümumiyyətlə şərtlər Azərbaycana nə dərəcədə sərf edir?
- Mənim fikrimcə, o radiolokasiya stansiyasının bu gün olub-olmamasının Azərbaycan üçün heç bir xeyri yoxdur. Çünki onu əvəz edən başqa radiolokasiya stansiyası fəaliyyət göstərir.
Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in icarə müddətinin uzadılmasına dair danışıqların fonunda ötən ilin sonlarında müdafiə naziri Səfər Əbiyev iki dəfə Moskvaya səfər edib. Danışıqların gedişinə dair Rusiya Müdafiə Nazirliyi rəsmilərinin verdikləri açıqlamalara əsasən, Azərbaycan tərəfi Qəbələ RLS-in yerində daha az ərazi tutan modern stansiya quraşdırılması planına qarşı deyil və əsas tələbi icarə haqqının artırılması barədədir.
Bu necə ola bilər ki, Rusiya eynitipli stansiya üçün Ukraynaya 21 milyon, Azərbaycana isə 7 milyon manat ödəyir. Burada əsas məsələ Rusiyanın yanaşma tərzindəki ikili standartlardır. Yəni Rusiya heç bir təhlükəsi olmayan Slavyan ölkəsinə lazım olan dəyəri verə bilir, lakin Cənubda əhəmiyyətli və strateji dəyər daşıyan dövlətə eyni dəyəri vermir. Qəbələ RLS-in ölkəmizə və xalqımıza vurduğu ziyandan danışmağa başlasaq bitirmək çətin olar. Bu stansiya ağacların yarpaqlarına belə mənfi təsir edir. Digər tərəfdən isə dünyaya gələn şikəst uşaqlar, qan xəstəlikləri, xərçəng xəstəliklərinin sayının artması və bir sıra digər bu cür fəsadlar hər biri Qəbələ RLS-in nəticələridir. Bütün bu zərərləri pul ilə ölçsək 7 milyon da, elə 15 milyon da cüzi rəqəmdir. Yəni 15 milyon maddi zərərin bir qismini qarşılaya bilər, amma mənəvi zərəri əsla qarşılaya bilməz.
- Azərbaycan Qəbələ RLS-nin fəaliyyətini dayandıra bilərmi?
- Azərbaycan bir mənalı olaraq mövqeyini ortaya qoyarsa, NATO və Avropa İttifaqına istinad edərək dünya qiymətlərinə üstünlük versə, dost və düşmənlərini məlum edərək bu stansiyanı bağlaya bilər. Əgər bu barədə konkret hərbi siyasi rəhbərliyin qərarı olarsa bu istiqamətdə işlər getməlidir. Bu mülkiyyət Azərbaycana xas olduğu üçün bir mənalı şəkildə mövqeyini ortaya qoymaqla bu stansiyanı bağlaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB