Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub. Səfirlikdən SİA-ya verilən xəbərə görə, səfər müddətində A.Əzimov ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində görüşlər keçirib, Atlantik Şurada (Atlantic Council) çıxış edib.

Dövlət Departamentində keçirilmiş görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Müdafiə Nazirliyində A.Əzimov Azərbaycan ilə ABŞ arasında hərbi və təhlükəsizlik sahəsində mövcud olan əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Vaşinqtonun tanınmış beyin mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunub, "ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqaza baxış" mövzusundakı çıxışında A.Əzimov, əsasən, son 20 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan, Azərbaycan-ABŞ münasibətlərindən, Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərindən və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesindən bəhs edib. Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsinin regional təhlükəsizlik və sabitlik üçün zəruriliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə