Şuxrat Axmatov: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” - MÜNASİBƏT
"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən konfransın iştirakçısı, Özbəkistan prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, tədqiqatçı Şuxrat Axmatovun SƏS TV-yə müsahibəsi:
- "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" konfransı haqqında təəssüratlarınız necə oldu?
- Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakıda keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans həm dünyada, həm də Azərbaycanda həyata keçirilən işlərin müzakirəsi baxımından çox önəmlidir. Qeyd etməliyəm ki, konfransda iştirak edən hər bir nümayəndənin öz fikrini azad şəkildə bildirilməsi üçün çox geniş imkanlar yaradılmışdı. Buna görə də konfransın işini yüksək qiymətləndirmək lazımdır. Konfransda modernləşmə siyasətinin həyata keçirilməsi, yeni iqtisadi və sosial çağırışlar sahəsində mövcud problemlərə münasibət bildirilməsi, eləcə də perspektivlərlə bağlı proqnozların səslənməsi ilə yadda qaldı.
Konfransda təmsil olunan ölkələrin sayına nəzər salmaq kifayətdir ki, tədbirin iştirakçı ölkələr üçün necə əhəmiyyət daşıdığı məlum olsun. Bir sözlə, bu konfrans Azərbaycanın siyasi həyatında baş verən çox önəmli hadisədir.
- Azərbaycanla Özbəkistan arasında qarşılıqlı əlaqələr mövcuddur. Hazırda bu əlaqələri qənaətbəxş hesab etmək olarmı?
- Ümumiyyətlə, əlaqələr çox yaxşı inkişaf edir, qarşılıqlı əməkdaşlıqda bir çox müsbət hallar müşahidə olunur. Lakin bununla belə deyə bilmərəm ki, ikitərəfli əməkdaşlığın həcmi və məzmunu məni tam qane edir, belə ki, bu əməkdaşlıq hər iki dövlətin malik olduğu potensiala cavab vermir. Məsələn, hər iki tərəfin subyektləri kiçik biznes və özəl sahibkarlığın inkişafı prosesinin kənd təsərrüfatı, yüngül sənayenin əsasən hazır məhsul istehsalı üzrə ixtisaslaşmış – trikotaj, tikiş, ayaqqabı, o cümlədən tikinti materialları istehsalı kimi sahələrdə daha fəal iştirak edə bilərdilər. Özbəkistanda münasib qiymətə kənd təsərrüfatı texnikası istehsal olunur, həmçinin ölkəmiz kənd təsərrüfatında səmərəli qaydada istifadə olunan texniki bitkilərin becərilməsi və istehsalı texnologiyasına malikdir. Bütün bunlar Azərbaycanda qeyri-neft sektorunun inkişafında istifadə oluna bilər. Onu da qeyd edim ki, bizim əlaqələrimiz tək ikitərəfli münasibətlərə deyil, eləcə də qardaşlıq, dostluq münasibətlərinə söykənir. Biz iki dövlət olaraq bir-birimizi anlayacaq qədər yaxınıq. İnanıram ki, bu əlaqələr gələcəkdə də lazımi şəkildə davam etdiriləcək.
- Azərbaycanın 20% torpaqları Ermənistan tərəfindən işğal olunub. Bir çox ölkələr Azərbaycanın Dağlıq Qarabağ məsələsinə ikili standartdan yanaşırlar. Bu məsələyə Özbəkistan dövlətinin münasibəti necədir?
- Özbəkistan Prezidenti, eyni zamanda bütün özbək xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına tərəfdardır. Dünya ictimaiyyətinə də bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Lakin bəzi ölkələr var ki, hər bir məsələyə ikili standartdan yanaşırlar. Belə davam edə bilməz, ədalət öz yerini tutmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
- Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Azərbaycanda ilk dəfədir ki, oluram. Burada özümü şərq nağıllarının içinə düşmüş kimi hiss etdim. Bakı sürətlə inkişaf edir. Hətta yaxşı mənada sizə paxıllıq edirəm. Elə bu tempdə də inkişaf etməyinizi arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB