Bahar Muradova: “Azərbaycan Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək”

\"Gələn il bir neçə ölkənin parlamentində Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarın qəbulu gözlənilir. Artıq bu istiqamətdə işlər aparılır. Sonuncu dəfə Meksika parlamentində qəbul edilmiş qərar da Azərbaycanın parlament diplomatiyasının uğurudur\". SİA-nın məlumatına görə, bunun jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı 2011-ci ilin əvvəlindən başlayan müsbət tendensiyalar sonradan uğursuzluqla nəticələnib: "Buna baxmayaraq, 2011-ci il bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin ən çox müzakirə olunduğu il kimi yadda qalıb. Lakin münaqişənin həllində müsbət nəticə əldə olunmasa da onun dünya gündəmini bu cür məşğul etməsinin özü bir irəliləyişdir. Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi bu problemlə bağlı müxtəlif qətnamələr, ayrı-ayrı ölkələrin parlamentləri Dağlıq Qarabağ, xüsusilə də Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edirlər".

Vitse-spiker onu da vurğulayıb ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək üçün hüquqi prosedurlar var: "Zamanı gələndə Azərbaycan bundan istifadə edərək beynəlxalq məhkəmələrə müraciət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə