Taraq Vahid: “Biz Dağlıq Qarabağı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağı kimi tanıyırıq”
Pakistan Dövlət Universitetinin beynəlxalq əlaqələr və siyasi sahə üzrə professoru, doktor Taraq Vahidin SəsTV-yə müsahibəsi:
- Professor, ilk olaraq Azərbaycana xoş gəlmisiniz. Ölkəmiz haqqında ilk təəssüratlarınızı bilmək istərdik.
- Çox sağ olun. Azərbaycan mənim təsəvvür etdiyimdən də gözəl, insanları mehriban, gülərüz olan ölkədir. Şəhərinizə ayaq basdığım ilk andan özümü doğma evimdəki kimi hiss etdim. Azərbaycan haqqında məlumatın az deyildi, amma bu səfərlə daha da zənginləşdi. Pakistanla Azərbaycan eyni qurşaqda yerləşdikləri üçüm təbiəti, insanları oxşardır. İmkanım olsa ölkənizin görməli yerlərində olmaq istərdim ki vətənimə bol təəssüratla gedim. Amma paytaxtınızdan da görünür ki, Azərbaycanın hər yerində inkişaf gedir. Sizin neft ölkəsi olduğunuzu da yaddan çıxarmaq lazım deyil.
- Pakistanla Azərbaycan arasında iqtisadi, hərbi əməkdaşlıq əlaqələri mövcuddur. Bunu siyasi sahədə də inkişaf etdirməyə ehtiyac varmı?
- Əlbəttə, siyasi əlaqələrin daim inkişaf etdirilməsi lazımdır. Dünyanın əksər dövlətləri arasında münasibətlərin fövqündə məhz siyasi əlaqələrin inkişafı dayanır. Xalqlarımız, hökumətlərimiz arasında olan dostluq və qardaşlıq münasibətləri iqtisadi, humanitar və nəhayət siyasi əlaqələrin inkişafına təkan verən amildir. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda keçiriləcək \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda tədbirdə iştirak edəcəyəm. Güman edirəm ki, beynəlxalq tədbirdə Azərbaycanın siyasi arenası ilə yaxından tanış olacağam. Ölkənizdə sabitlikdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı olmasaydı, müharibəyə zorla cəlb olunmasaydınız Azərbaycanın inkişafı daha böyük, daha möhtəşəm olardı. Azərbaycanda şahidi olduğumuz inkişaf bizi çox sevindirir. Azərbaycanın 20 il öncə BMT-yə üzv qəbul olunması bizi sevindirdiyi kimi, bu gün ölkənizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizi ikiqat sevindirdi. Hesab edirəm ki, bu faktor Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Bununla yanaşı, mən qeyd etmək istərdim ki, Azərbaycan yüksək beynəlxalq əlaqələrə malikdir.
- Bu tədbirdən gözləntiləriniz nədir? Ümumiyyətlə, Azərbaycan-Pakistan əlaqələri haqda nə deyə bilərsiniz?
- Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələr olduqca genişdir. Eyni zamanda ölkələrimiz arasında təhsil, mədəni, siyasi və bir çox sahədə əlaqələr uğurla inkişaf etdirilir. Bildiyiniz kimi, Pakistanın Kəşmir, Azərbaycanın isə Dağlıq Qarabağ kimi problemi var. Qeyd etməliyəm ki, Pakistan Azərbaycana, Azərbaycan isə Pakistana bu mənada dəstək verməlidir və verir. Biz Dağlıq Qarabağı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpağı kimi tanıyırıq. Azərbaycanın müstəqilliyini 1993-cü ildə ilk tanıyan dövlətlərdən biri də Pakistan olub. Həmçinin 2005-ci ildə ölkəmizdə baş verən zəlzələdə və sel fəlakətlərində Azərbaycanın yardımları unudulmazdır. Tədbirdən gözləntilərimizə gəldikdə isə, ümumiyyətlə, YAP-ın irəli sürdüyü yeni proqram olduqca əlverişli və birmənalı şəkildə inkişafa hesablanmış proqramdır. Mən əminəm ki, bu layihənin icra olunması nəticəsində Azərbaycan daha da inkişaf edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB