"Üç aydan sonra Birləşmiş Ştatlar Bakıda diplomatik missiyasının açılmasının 20-ci ildönümünü qeyd edəcək. Lakin belə getsə, bu sevinc səfirsiz ötüşə bilər". SİA-nın xəbərinə görə, bu barədə məlumat BBC-nin saytında yer alıb.
Hazırda ABŞ-ı Azərbaycanda təmsil edən təcrübəli diplomat Metyu Brayzanın nominasiyası Senatda erməni lobbisinə yaxınlığı ilə seçilən senatorlar Robert Menendez və Barbara Boxer tərəfindən əngəllənir. Qanunverici orqan qarşıdakı 10 gün ərzində Bryzanın mandatını təsdiq etməsə, diplomat ölkəsinə dönməli olacaq. Ötən ilin may ayında Ağ Evin Azərbaycana nominasiya etdiyi səfir Brayza Yeni İl ərəfəsində, Senat tətildə olarkən prezident Obama tərəfindən müvəqqəti təyinatla bir il müddətinə Bakıya göndərilmişdi. Qanunvericiliyə görə, prezident diplomata ikinci il eyni vəzifəyə təyinat verə bilməz. Senatın təsdiqləmədiyi namizədlər bir qayda olaraq yenisi ilə əvəzlənir.
Qeyd edək ki, ABŞ Azərbaycanda ilk səfirliyinin 1992-ci ilin mart ayında açıb və ilk səfir 68 yaşlı Nyu Yorklu diplomat Robert Finn təyin edilib. Finn üç il səfirliyə başçılıq edib. Sonralar isə ABŞ-ın Tacikistanda və Əfqanıstanda səfiri olub.
Vaşinqtonda BBC saytına müsahibə verən Finn Senatda səfir namizədlərin əngəllənməsinin "az-az rast gəlinən bir təcrübə olduğunu" qeyd edib: "Bəzən bu əngəllərin səbəblərinin konkret namizəd ilə və ümumiyyətlə, xarici siyasət ilə heç bir əlaqəsi olmur. Eyni çətinliklərlə ötən il ABŞ-ın Türkiyəyə nominasiya etdiyi səfir Ricciardson da üzləşib, buna baxmayaraq, Senat bu yaxınlarda onun namizədliyini təsdiqləyib. Səfir Brayza üçün də oxşar nəticə tamamilə realdır. Hətta bu baş verməsə, səfirin ölkəsinə dönməsi Bakıdakı diplomatik missiyanın işini pozmayacaq. Əminəm ki, müvəqqəti işlər vəkili - mənim digər iki missiyalardan tanıdığım olduqca bacarıqlı diplomat Adam Sterling vəzifəsinin öhdəsindən uğurla gələcək və o, artıq əvvəllər - səfir Brayza Bakıya getməzdən öncə 7 ay bu işi görüb", - deyib Finn bildirib.
Erməni lobbisi
Bu günədək ABŞ-ın Bakıdakı diplomatik missiyası 7 səfir yola salıb. Lakin ilk dəfədir ki, erməni lobbisi Azərbaycana səfir təyinatını qarşısında belə təkidli dirəniş göstərir. Kaliforniyada yerləşən 7 iri erməni lobbi təşkilatının cəmləşdiyi "United Armenian Fund"un prezidenti Harut Sassounyan bunun səbəblərini belə izah edib: "Biz düşünürük ki, səfir Brayza ABŞ-ın Azərbaycanda maraqlarını obyektiv və peşəkarcasına təmsil etmək üçün yalnış seçim idi. O, senatorlar tərəfindən vaxtı ilə Qarabağ münaqişəsi üzrə danışıqlarda amerkalı vasitəçi olaraq Azərbaycana tərəfkeşlik etməkdə təqsirləndirilir. Bunun səbəbi isə onun xanımının Vaşinqtonda Avrasiya enerji məsələləri üzrə məşğul olan araşdırma mərkəzində çalışması olub. Amerika-erməni cəmiyyəti olaraq, biz bu narahatlıqları bölüşürük və buna görə Senatdan onun nominasiyasını təsdiq etməməsini xahiş etdik".
Lakin Ağ Evin Azərbaycana səfir postuna başqa bir namizəd göstərəcəyi təqdirdə erməni icmasının buna etiraz etmək üçün səbəbi qalmayacaq, bir şərtlə ki, o namizəd ABŞ-ın maraqlarını Bakıda təmsil edəcək şəxs olmalıdır, nəinki Azərbaycanın maraqlarını Vaşinqtonda".
İmic məsələsi
Öz növbəsində Vaşinqtonda fəaliyyət göstərən Demokratiya Uğrunda Azərbaycan-Amerika təşkilatının (AZAD) prezidenti Elmar Şahtaxtinski səfir Brayzanın Senatda üzləşdiyi çətinliklərdən təəssüfləndiyini bildirib. Diplomatla bir neçə dəfə görüşmüş AZAD rəhbəri erməni lobbisinin işin arxasında olduğuna şübhə etmir."Əlbəttə, erməni tərəfinin Brayzaya qarşı ittihamları təəssüf doğurur. Amma bu, həm də təbiidir. Bu prosesin qarşısı alına bilər. Səfir Brayzanın son bir ildə Bakıda ABŞ-ın maraqlarının və demokratiyanın dəstəkçisi kimi göstərdiyi fəaliyyyət bu gün Senatda onun müdafiəsi üçün ən yaxşı silah olar. Hərçənd, bir il olduqca qısa müddətdir və belə uğurlar qazanmaq üçün Azərbaycan çox da asan ölkə deyil".
ABŞ-ın regional siyasətini yaxından təqib edən George Washington universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri Professor Cori Velt (Cory Welt) isə diqqəti son vaxtlar bir neçə yüksək rütbəli diplomatların yeni vəzifələrə təsdiqlənmək üçün Senatda xeyli yubadıldıqlarına çəkir: "Brayza və Ağ Evin Rusiyaya səfir nominasiya etdiyi Milli Təhlükəsizlik Şurasının direktoru Mixael Makfaulun (Michael McFaul) işlərinin Senatda yubadılması eyni vaxta təsadüf edir. Hər iki diplomat göndərildikləri ölkələr üzrə peşəkar mütəxəssisdirlər və ABŞ-ın Rusiya-Qafqaz siyasətini irəli aparmağa qadirdilər".
Eyni zamanda o qeyd edib ki, "görünür, kimlərsə Administrasiyanın bu regionda siyasətinə əngəl yaratmağa çalışır", belə ki, hər iki diplomatın təyinatı ABŞ-ın Qafqazda daha əmin siyasət yürütmək niyyətinin "güclü siqnalı" idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB