KİVDF Yasamal RİH ilə birgə «Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu» mövzusunda konfrans keçirib - FOTOSESSİYA
Dekabrın 8-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Yasamal rayonunun, onun rəhbər strukturlarının, habelə respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsinin kütləvi informasiya vasitələri və icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu deyib. Azərbaycan mətbuatının yarandığı gündən şərəfli tarixi yol keçdiyini diqqətə çatdıran İbrahim Mehdiyev müstəqillik illərini kütləvi informasiya vasitələrinin inkişafında xüsusi mərhələ kimi dəyərləndirib. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən söz açan rayon icra başçısı, eyni zamanda, rəhbərlik etdiyi rayonun bütün strukturlarının mətbuat orqanları üçün açıq olduğunu bildirib.
Yasamal rayon icra hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, belə bir konfransın keçirilməsi ictimaiyyətin Yasamal rayonundakı genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri barədə obyektiv məlumatlandırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Azərbaycan mətbuatının 3 tarixi mərhələdə mühüm inkişaf yolu keçdiyini bildirib, xüsusən də dövlət müstəqilliyinin bərpasından sonra söz, fikir və mətbuat azadlığı sahəsində əldə olunmuş nailiyyətlərdən söz açıb. Müstəqilliyin ilk illərində ölkədə qəzetlərin barmaqla sayılacaq qədər az olduğunu, onların ciddi problemlərlə üzləşdiyini xatırladan Vüqar Səfərli ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuat üzərində senzuranın ləğvi və KİV-in maddi-texniki bazasının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.
Fondun icraçı direktoru bunun nəticəsi kimi respublikada mətbuat orqanlarının təsis edilməsi üçün son dərəcə liberal mühitin yaradıldığını bildirib, 5000-ə yaxın qəzet və jurnalın Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkə mətbuatının inkişafına və maliyyə problemlərinin həllinə mühüm töhfə olub. Vüqar Səfərli qeyd edib ki, Fondun maliyyə yardımları ölkə mətbuatının inkişafında və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. O həmçinin 2010-cu ilin jurnalisitlər üçün xüsusilə əlamətdar olduğunu, milli mətbuatın 135 illiyi münasibətilə bir qrup tanınmış jurnalistin fəxri adlara və mükafatlara layiq görüldüyünü xatırladıb. Vüqar Səfərli ötən il milli mətbuat günündə ölkə başçısının jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamın jurnalistlərə böyük bayram töhfəsi olduğunu qeyd edib. Həmin sərəncam əsasında tikiləcək binanın sənədləşmə işlərinin yekunlaşdığını tədbir iştirakçılarının diqqətinə çatdıran Vüqar Səfərli yaxın zamanda inşaat işlərinə başlanılacağını bildirib.
Fondun icraçı direktoru çıxışının sonunda əmin olduğunu bildirib ki, belə tədbirlər mətbuat nümayəndələri ilə dövlət məmurları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verəcəkdir.
Daha sonra məruzə ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatının yaranması və tarixi inkişaf yoluna nəzər salıb, müxtəlif mərhələlərdə milli jurnastikamızın cəmiyyətin tərəqqisinə verdiyi sanballı töhfələrdən söz açıb. Əflatun Amaşov həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində ötən əsrin 90-cı illərinin əvvəllərində təşəkkül tapmış qəzetlərin rolundan danışıb. Əflatun Amaşov ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında, habelə demokratik proseslərin inkişafında ölkə mətbuatının xidmətlərinə də xüsusi toxunub.
Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son illərdə 89 qəzetin reket elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Komissiya sədri bəzi hallarda xırda məmurların \"reket qəzet"lərin fəaliyyətini stimullaşdıran addımlara yol verdiyini təəssüflə vurğulayıb, cəmiyyətdə heç bir nüfuzu olmayan qəzetlərin diplomlarının iş otaqlarında asılmasının yolverilməz olduğunu bildirib. Vüqar Rəhimzadə sonda reket jurnalistikaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin səylərinin birləşdirilməsi zəruriliyini qeyd edib.
Daha sonra dialoq və diskussiya şəklində davam edən tədbirdə Bakı Metropolitetinin rəisi Tağı Əhmədov çıxış edərək dövlət məmurlarının bir çox hallarda cəmiyyətdə ciddi nüfuzu olmayan qəzetlərin əsassız tənqid və şantajlarına məruz qaldığını bildirmiş, jurnalistləri yalnız həqiqəti üstün tutmağa çağırıb.
İctimai-siyasi Universitetin rektoru professor Rasim Nəbiyev ölkə jurnalistlərini cəmiyyət həyatı üçün aktual iqtisadi proseslərə fəal müdaxilə etməsi, "İnkişafın Azərbaycan modeli" mövzusunda araşdırmalar aparması vacibliyini vurğulayıb.
Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov 2010 və 2011-ci illərdə jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaların təmin olunmadığını bildirib. Eyni zamanda, Ə.Cəfərov "reket qəzetlər"də insanların şərəf və ləyaqətinə toxunan yazıların baş alıb getməsini yolverilməz hal kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Yasamal rayon 20 saylı məktəbin direktoru Sabir Məmişov, Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli, "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı, "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas və digərləri mətbuat və dövlət məmurları arasında münasibətlərin sivil məcrada inkişaf etdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Digər konfrans iştirakçıları da icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda Vüqar Səfərli Fondun təşəbbüsünü müsbət dəyərləndirib belə bir konfransın keçirilməsinə verilən dəstəyə görə Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib. Fondun icraçı direktoru rayonlar icra strukturları ilə ildə azı bir dəfə belə konfransların təşkil olunacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB