Mehmet Gücük: "Azərbaycanın sürətli inkişafı regiondakı bütün proseslərə müsbət təsir göstərir" - MÜSAHİBƏ

Mehmet Gücük: "Azərbaycanın sürətli inkişafı regiondakı bütün proseslərə müsbət təsir göstərir" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvan toplantısına hazırlıq məqsədi ilə Tehranda Üçtərəfli İqtisadi Komitənin birinci iclası keçirilmişdir. İclasda Türkiyə nümayəndə heyətinə rəhbərlik edən bu ölkənin xarici işlər nazirinin müavini Mehmet Gücük AzərTAc-ın xüsusi müxbirinin suallarını cavablandırmışdır. SİA həmin müsahibəni təqdim edir:


- Cənab nazir müavini, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin əyalət görüşlərinin mahiyyəti barədə nə deyə bilərsiniz?

- Məlumat üçün deyim ki, üç ölkənin xarici işlər nazirlərinin birinci əyalət görüşü cari ilin aprelində İranın Qərbi Azərbaycan vilayətində - Urmiya şəhərində keçirilmişdir. Düşünürəm ki, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı sualınızın ətraflı cavablandırılması üçün istiqamətləndirici stimuldur. Üç ölkənin xalqları bir sıra tarixi məqamlarla dəyərli şəkildə bir-birinə bağlıdır. Hər üç dövlətin yürütdüyü xarici və daxili siyasət inkişafa və tərəqqiyə doğru mühüm nəticələr verməkdədir. Bəhs etdiyim siyasət insanların rahat və firavan yaşamasının təmin edilməsinə yönəlmişdir. Bu baxımdan, xüsusilə, sərhəd bölgələrinin inkişafı üç ölkənin qonşuluqda yaşayan əhalisinin firavan həyatını təmin edən amildir. Hesab edirəm ki, xarici işlər nazirlərinin növbəti toplantısının Azərbaycan Respublikasının qədim Naxçıvan şəhərində keçirilməsi sərhəd regionlarının inkişafına əhəmiyyətli təsir edəcəkdir.


- Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi barədə nə deyə bilərsiniz?

- Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uca zirvələri fəth etməkdədir. Əvvəlcə, bu münasibətlə qardaş Azərbaycan xalqını və bütövlükdə regionumuzun sülhsevər xalqlarını təbrik edirəm. Azərbaycanın sürətli inkişafı regiondakı bütün proseslərə müsbət təsir etmişdir və proses uğurla davam etməkdədir. Mühüm məsələ kimi qeyd etmək istəyirəm ki, BMT-dəki son nailiyyət bir daha təsdiq etdi ki, Azərbaycan dünyadakı tərəfdaşlarının sayını yetərincə artıra bilmişdir. Qardaş ölkənin nailiyyətləri təkcə iqtisadi və sosial inkişafla məhdudlaşmır. Azərbaycan inkişaf prizması dünyadakı bütün prosesləri əhatə edə bilmişdir.


- Azərbaycanın həyata keçirdiyi regional layihələrin perspektivləri barədə nə deyə bilərsiniz?

- Ümummilli lider Heydər Əliyevin sülh, sabitlik və inkişaf strategiyası bölgəmiz üçün böyük nəticələr vermişdir. Bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi daha böyük nəticələr üçün geniş imkanlar yaratmışdır. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və sair layihələr əslində Azərbaycanın uzaqgörən neft strategiyasının davamıdır. Bu layihə, eyni zamanda, Qars-Naxçıvan dəmir yolunun qurulması məsələsini ortaya çıxarmışdır. İşğalçı Ermənistan tərəfindən uzun illərdən bəri blokadada saxlanılan Naxçıvan üçün bu dəmir yolunun açılması hamımızın istəyidir. Artıq bütün dünya qəbul edir ki, Ermənistan təcavüzkardır və onun işğalçılığı 1 milyona yaxın günahsız azərbaycanlının bütün hüquqlarını pozmuşdur. İşğalçı tərəf nəticə etibarilə özünü beynəlxalq iqtisadi layihələrdən təcrid etmişdir. Beləliklə, kim sülhsevərdirsə bu layihələrdən bəhrələnmək imkanındadır. İndi seçim Ermənistanın özünündür , o, ya işğal etdiyi Azərbaycan torpaqlarını azad edib regionun inkişaf yoluna qoşulmağı seçməlidir, ya da tərəqqi və inkişaf yolunda təcrid olunmaqda davam edəcəkdir. Bu məsələdə heç bir qüvvə işğalçı tərəfə yardım etmək iqtidarında deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə