Azərbaycan Prezidenti \"Həştərxan şəhərinin fəxri vətəndaşı\" diplomuna layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinin meri Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Həştərxan şəhərinin meri Sergey Bojenov böyük nümayəndə heyəti ilə Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. O, Həştərxan şəhər dumasının qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin \"Həştərxan şəhərinin fəxri vətəndaşı\" diplomuna layiq görüldüyünü deyib və \"Həştərxan şəhərinin fəxri vətəndaşı\" diplomunu və medalını dövlətimizin başçısına təqdim edib.
Sergey Bojenov \"Həştərxan şəhərinin fəxri vətəndaşı\" diplomuna bu yaxınlarda Rusiya Federasiyasının Baş naziri Vladimir Putinin də layiq görüldüyünü vurğulayaraq Azərbaycan Prezidentinin və Rusiyanın Baş nazirinin rəhbərlik etdiyi şəhərin fəxri vətəndaşı olmasından qürur hissi keçirdiyini deyib.
Dövlətimizin başçısı \"Həştərxan şəhərinin fəxri vətəndaşı\" diplomu ilə təltif edilməsi ilə bağlı qəbul olunan qərara görə Həştərxan Şəhər Dumasına və şəhər rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin, o cümlədən ölkələrimizin şəhərləri arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu baxımdan Bakı ilə Həştərxan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Həştərxana səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevə Həştərxan şəhər sakinlərinin ehtiramının əlaməti olaraq ucaldılan abidənin açılışında iştirakını xatırlayıb. Həştərxan şəhər təsərrüfatının və infrastrukturun yenidən qurulmasında, təhsil sahəsinin inkişaf etdirilməsində Azərbaycandan olan iş adamlarının iştirakını qeyd edən Prezident İlham Əliyev bütün bu tədbirlərin ölkələrimiz və şəhərlərimiz arasında əlaqələrin daha da yaxşılaşması işinə xidmət etdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB