Bakıda “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda seminar keçirilir - YENİLƏNİB

Bakıda “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda seminar keçirilir - YENİLƏNİB

Bakıda NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminar keçirilir. SİA-nın məlumatına görə, iki günlük seminarda Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın sərhəd qurumlarının nümayəndələri, NATO, BMT, Avropa İttifaqı, ATƏT-in, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasını təmsil edən şəxslər iştirak edir.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin Azərbaycan dövlətinin diqqətində olduğunu da vurğulayıb. DSX-nın komandanı bildirib ki, BMT ekspertlərinin hesablamalarına görə, dünyada becərilən tiryəkin 90 faizi Əfqanıstanın üzərinə düşür. Onun sözlərinə görə, Əfqanıstanda istehsal olunan narkotik vasitələr 6 faiz artıb ki, onunda 60 faizi İran vasitəsilə yayılır: "Azərbaycana da narkotik vasitələrin böyük hissəsi İran ərazisindən gəlir. Bunun nəticəsidir ki, dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısının alınması zamanı toqquşmalar baş verir. Narkotik qaçaqmalçıları ilə silahlı toqquşmalarda Azərbaycanın 7 sərhədçisi həlak olub, 9-u isə yaralanıb".

NATO Baş Katibinin Müdafiə Siyasəti və Planlaşdırması üzrə müavini Hüseyn Diriöz qurumun narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tərəfdaşlarına köməkliyini davam etdirəcəyini deyib. O, qeyd edib ki, Azərbaycan alyans tərəfindən verilən dəstəkdən mükəmməl istifadə edərək sərhəd təhlükəsizliyini inkişaf etdirib: "Vahid sərhəd idarəçiliyinin mövcudluğu transərhəd cinayətkarlığının qarşısının alınmasına öz müsbət töhvəsini verir. Azərbaycan böyük enerji resursları istehsal edən ölkə olduğu üçün enerji resurslarını daşıyan dəhlizlərin mövcudluğu fonunda NATO Azərbaycanla enerji təhlükəsizliyinin qorunması istiqamətində daha çox əməkdaşlıq edir. Məhz bu zəmində münasibətlərin dərinləşəməsi daha vacib hesab edilir".

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə NATO ilə Azərbaycan arasında mövcud əməkdaşlığın inkişafından danışıb. O, qeyd edib ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunması istiqamətində mövcud modelindən bir çox ölkələr istifadə edə bilər. NATO-da konkret olaraq bir-iki ölkənin dar siyasi, qərəzli mövqedən çıxış edərək qurumla Azərbaycan arasında imzalanmış Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) üçüncü mərhələsinin təsdiqlənməsini gecikdirdiyini deyən Araz Əzimov bildirib ki, bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır. O, vurğulayıb ki, plan təsdiq edilmirsə, əməkdaşlığın davam etdirilməsi proqramdan asılı olaraq yubanır.

Tədbirdə səmərəli sərhəd nəzarəti sisteminin yaradılması, narkotik maddələrin yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər barəsində təqdimatlar keçirilib, transsərhəd cinayətkarlığa qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə