Prezident İlham Əliyev Qəbələdə “Qafqaz Sport Hotel”in açılışını edib

Prezident İlham Əliyev Qəbələdə “Qafqaz Sport Hotel”in açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də "Qafqaz Sport Hotel"in açılışında iştirak edib.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub.
Məlumat verilib ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılıb. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq var.

Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib.

Məlumat verilib ki, otelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı qoyulub. Buradakı 300 nəfərlik "Lapis" iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunub. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Otelin 134 yerlik "Mirvari" restoranında əsasən səhər yeməyi veriləcək. Burada, həmçinin sifarişlə işləyəcək 170 yerlik "Safir a la carte", eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil ediləcəyi 180 yerlik "Firuzə" restoranları da var. Restoranlarda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər. Oteldə zəngin menyu təqdim edən bir neçə bar, eləcə də qapalı hovuz da fəaliyyət göstərəcəkdir.
Bildirildi ki, otelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Azərbaycan Prezidenti burada rayonun gənc idmançılarının çıxışlarını izlədi, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edilib ki, oteldə ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılıb. Qonaqlar kompyuter faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər.
Otelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec inşa olunub. Burada, həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da yaradılıb.
Dövlətimizin başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə