Bu gün 884 saylı qətnamənin qəbul edildiyi gündür

Bu gün 884 saylı qətnamənin qəbul edildiyi gündür

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub.

SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb.

BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, saylı qətnamələr qəbul edib. 1993-cü il noyabrın 11-də isə 884-cü qətnamə qəbul olunub. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib.

1992-1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış ediblər.

1996-cı ildən başlayaraq BMT Baş Assambleyası \"BMT və ATƏT arasında əməkdaşlıq haqqında\" Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) təsdiqləyir.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə