Hacı Surxay Məmmədli: \"Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-təala yanında savab əməllərdəndir\"
İçəri şəhər Cümə Məscidi icmasının axundu və sədri Hacı Surxay Məmmədlinin SəsTV-yə müsahibəsi:
- Qurban bayramının tarixi və bunun Azərbaycanda bayram olaraq qeyd olunması insanlara hansı humanizm prinsiplərini aşılayır?
- İslam dininin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında Qurban bayramı müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini tələbdir və müsəlmanların riayət etdiyi ümumi mərasimdir.Üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. İslam dinində Qurban bayramı böyük bayram adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir. İslam şəriətinə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edib. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyilir. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir.
- Qurbanı kimlər kəsməli və həmin qurban ətinin paylanması necə olmalıdır?
- Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.Qurbanlığın şərtlərindən biri də odur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə- dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
- İctimai yerlərdə qurban kəsilməsi və digər günlərlə müqaisədə ətin baha satılması dini baxımdan hansı günaha daxildir və cəzası nədən ibarətdir?
- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı fətvasını verib.Qazilər Şurası tövsiyə edir ki, müqəddəs bayram günlərində qurban kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların ictimai yerlərdə və uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-təala yanında savab əməllərdəndir. Azərbaycan çağdaş dünyasının insanları mərhəmətlidir. Amma bəzi məsələlərə gəldikdə isə bu insanlarda bir növ çaşqınlıq yaradır. Bayram ərəfəsində onlar bir ət satışında müəyyən bir əlavə məbləğ, mənfəət əldə edəcəklərini düşünürlər. Lakin düşünmülər ki onlar qazanc yerinə, əksinə ziyankarlıq edir və özlərinə zülm etmiş olurlar. Bayram günündə hər bir insan çalışmalıdır ki, qurban ətinin, qoyunun satış qiyməti tənzimlənməlidir. Məhz Allah-təala onda insanlara fayda və savab verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB