Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib

Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. SİA-nın aldığı məlumata görə, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 1990-cı ildə inşa olunan uşaq xəstəxanası son illər yararsız hala düşdüyündən 2010-cu ilin avqustunda burada əsaslı yenidənqurma işlərinə başlanıb. Üçmərtəbəli xəstəxana binasının həyətində yaşıllaşdırma işləri görülüb, dekorativ ağaclar və gül kolları əkilib. Xəstəxanaya gedən yola asfalt örtüyü döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Xəstəxana binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ümummilli liderin və Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Bildirilib ki, xəstəxananın birinci mərtəbəsində konfrans zalı, qəbul və poliklinika şöbələri, ikinci mərtəbədə isə 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki və üç nəfərlik palatalar və bir əməliyyat otağı var. Üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərəcək. Xəstəxana müasir standartlara cavab verən müayinə və müalicə avadanlığı ilə təchiz olunub.

Qeyd edilib ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulub. Xəstəxananın birinci mərtəbəsində yerləşən 40 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da vardır.


Sonra Prezident İlham Əliyev Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında olub.

Məlumat verilib ki, ikimərtəbəli poliklinika binası hazırda inşası davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının bir hissəsi olmaqla tam şəkildə yenidən qurulub. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri, texniki otaqlar var. Sahə həkimləri də burada fəaliyyət göstərəcəklər. Poliklinikanın ikinci mərtəbəsində sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də var.


Daha sonra Prezident İlham Əliyev tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış olub.

Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, 1970-ci ildə inşa olunmuş köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında ikimərtəbəli 4 korpusdan ibarət kompleks tikiləcək.

Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunub. Bundan əlavə, rayon patoloji anatomiya və ekspertiza şöbəsinin, o cümlədən uşaq xəstəxanasının da mərkəzi rayon xəstəxanasının yaxınlığında yerləşməsi vətəndaşlara daha yaxşı və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcək. Burada ümumilikdə 350 nəfərlik tibbi heyət çalışacaq.

Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə