Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü qeyd edildi - TƏDBİR

Türkiyə Cümhuriyyətinin 88-ci ildönümü qeyd edildi - TƏDBİR

Bu gün "Gülüstan" sarayında Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 88 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

SİA-nın verdiyi xəbərə görə, əvvəlcə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Hulusi Kılıç ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Səfir qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib.

Diplomat ölkəsinin Van vilayətində baş vermiş zəlzələ zamanı Azərbaycanın Türkiyəyə ilk yardım göstərən ölkə olduğunu qeyd edib, göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan dövlətinin başçısına və xalqına minnətdarlığını bildirib. Səfir Azərbaycanın göstərdiyi yardımları iki ölkə arasındakı mövcud qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edib, bunu Azərbaycan diplomatiyasının növbəti uğuru adlandırıb. H.Kılıç Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə xalqımızı təbrik edib və müstəqilliyimizin əbədi olmasını diləyib.

İkitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan H.Kılıç deyib ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər, eləcə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması, Türkiyənin İzmir şəhərində "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlinin qoyulması ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradacaqdır. Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Tibilisi-Qars layihələri hər iki ölkə arasında durmadan inkişaf edən qardaşlıq münasibətlərinə xidmət edəcəkdir.

Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynayıb. Bildirib ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib. Türkiyəli iş adamları da qardaş Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səylərini əsirgəmirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Kılıç Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb. O deyib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. İki ölkə arasındakı mövcud münasibətlərdən danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu deyib. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olub. Ulu öndərlərin - Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olmuşdur.

İki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri almış, qardaşlıq əlaqələrimiz daha da möhkəmlənib. Türkiyə və Azərbaycan eyni kökə, tarixə, mədəniyyətə söykənən sarsılmaz münasibətlər qurublar. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyir və eyni mövqedən çıxış edir.

A.Şərifov qeyd edib ki, Van vilayətində baş vermiş zəlzələ zamanı Azərbaycan Türkiyəyə ilk yardım göstərən ölkələrdən biri olaraq öz qardaşlıq borcunu yerinə yetirmişdir. Yardımlarımız bundan sonra da davam edəcəkdir.

Baş nazirin müavini Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirib.

A.Şərifov onu da vurğulayıb ki, Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bu da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət edir. Biz türkiyəli iş adamlarının ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, qardaşlıq münasibətlərimiz gələcək nəsillər tərəfindən də davam etdiriləcəkdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə