Azərbaycan səfiri Bolqarıstanın nüfuzlu “BNT” dövlət televiziya kanalına müsahibə verib
Bu gün Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar bu ölkənin ən nüfuzlu "BNT" dövlət televiziya kanalına müsahibə verib.
Səfir müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətin siyasi, iqtisadi, sosial vəziyyətdən, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsindən, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən geniş şəkildə bəhs edib.
Diplomat bildirib ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə acınacaqlı vəziyyətə, hərc-mərcliyə son qoyulub, atəşkəs haqqında müqavilə imzalanıb, iqtisadiyyatın dirçəldilməsi istiqamətində ciddi tədbirlər görülüb.
Ulu öndərin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən səfir həyata keçirilmiş köklü islahatlar nəticəsində Azərbaycanın dünya miqyasında sürətlə inkişaf etdiyini xüsusi vurğulayıb.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini deyən E.Kərimov enerji təhlükəsizliyinin təminatında ölkəmizin regionda və dünyada vacib rol oynadığını bildirib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomat deyib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti bütün region üçün ciddi təhlükədir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə əlaqələndirən E.Kərimov dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı keçirilmiş yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərdən də danışıb.
Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluğunu bildirən E.Kərimov cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 4 dəfə artığını deyib. Diplomat ölkələrimiz arasında enerji ilə yanaşı, kənd təsərrüfatı, yüngül sənaye, tikinti, nəqliyyat, əczaçılıq və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB