Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclası keçirilib-Yenilənib

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclası keçirilib-Yenilənib

Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş plenar iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclas Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, sovetlər birliyinin dağılması ilə 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək tarixi varislik üzərində müstəqil dövlət yaradıb: "Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşıb, çox çətin vəziyyətə düşmüşdü.

Erməni təcavüzü, xarici ölkələrin Azərbaycana qarşı təxribatı ilə üzləşmişdik. O vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos, özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Bu da taleyin qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasi dahi Azərbaycana gərəkdir".

O bildirib ki, bu gün İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir.

Daha sonra "Azərbaycan 20 il-Müstəqilliyin bərpası adlı" filim nümayiş etdirilib.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxış edərək Azərbaycanın XX əsrin əvvəllərində əldə etdiyi müstəqillikdən, o dövrdə cərəyan edən ictimai-siyasi hadisələrdən bəhs edib. Ziyafət Əsgərov eyni zamanda ötən əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycanın həmin dövrdə qarşılaşdığı problemlərdən söz açıb.


Millət vəkili Vahid Əhmədov müstəqilliyin çox çətin və mürəkkəb şəraitdə əldə olunduğunu bu yolda bir çox çətinliklərlə rast gəlindiyini deyib: "Ali Sovet SSRİ-nin saxlanılması barədə referendum keçirilməsinə qərar verdi. Naxçıvan Ali Soveti isə belə bir referendumun keçirilməməsi barədə qərar qəbul etdi. Bakıda keçirilən səsvermədə deputatların yalnız 43 nəfəri müstəqilliyə səs verdi. Fəxr edirəm ki, müstəqilliyə səs verən 43 nəfərdən biri də mənəm.


Fazil Mustafa isə bildirib ki, o dövrdə müstəqilliyə səs verən insanlar çox böyük işlər görüblər: "Səs verən insanlarında içərisində elə insanlar olub ki, kaş onlar müstəqilliyə səs verməzdilər, lakin Azərbaycan üçün digər faydalı işlər görərdilər, ölkəyə ziyan verməzdilər. Səs verməyən insanlarında içərisində də elələri oldu ki, sonradan onlar ölkə üçün faydalı işlər gördülər. Ona görə də tarixdə bu cür müqayisələr apararaq insanları qiymətləndirmək yerinə hamıya haqqı olduğu dəyəri vermək lazımdır. Yaxşı olardı ki, o dövrdə müstəqilliyə səs vermiş, indi radikal müxalifətdə olanları da Milli Məclisə dəvət edəydik. Bu müstəqillik aktına səs verən elə insanlar var ki, onların ailələri acınacaqlı vəziyyətdədir. Müstəqilliyə səs verənlər və onların ailələrinə prezident təqaüdünün verilməsi də cəmiyyətdə çox yaxşı qarşılanardı".

İqbal Ağazadə bildirib ki, 20 il yubileydir və dönüb keçmişə baxmaq, təhlil etmək, buraxılan səhvləri analiz etmək, insanların öhdələrinə düşən vəzifələri yerinə yetirib-yetirmədiklərini tarix və tarixçilər müəyyən edəcək: "20 illik dönəmdə nail olduqlarımız, müstəqilliyimizin 20 ilini qeyd etməyimiz böyük bir uğurdur. Tarixin müxtəlif məqamlarında məsuliyyəti üzərində olan şəxslərin buraxdıqları səhvlər zaman-zaman unudulacaq və Azərbaycanda barış cəmiyyəti, barış mühiti yaranacaq. Ölkədə vətəndaş sülhü və barış cəmiyyəti yaratmaqla Azərbaycan torpaqlarını işğaldan azad edək. Azərbaycanın bütün təbəqələr ərazilərimizin azad olunmasına cəlb olunsun. Çox istərdim ki, 1991-ci ilin 2 martında, bu zalda SSRİ-nin saxlanılmasının əleyhinə səs verən 43 deputatın hamısına "İstiqlal" ordeni, prezident təqaüdü verilsin. Azərbaycanda barış cəmiyyətinin yaradılması, Avropa ailəsinin bir üzvü olduğumuzu sübut etmək üçün Azərbaycanda böyük bir amnistiyaya ehtiyac var. Millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan xahiş edirəm ki, həbsdə olanlara amnistiya verilməsi təklifi ilə çıxış etsin".


Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Azərbaycanın müstəqil bir dövlət kimi öz müstəqilliyini əldə etməsi və qoruması yolunda fəaliyyət göstərən, həyatını fəda edən insanlara çox ədalətli bir mövqe sərgilənib: "Bu bütövlükdə Azərbaycan dövlətinin, parlamentinin tarixi keçmişimizə, bu günümüzə və gələcəyimizə bir baxışıdır, bunu dəyərləndirmək lazımdır. Bu gün müstəqillik aktına imza atan 43 nəfərdən bəhs olundu. Onların xidmətlərini danmaq olmaz və mən onların hər birinə böyük hörmətlə yanaşıram. Mən müstəqillikdən bir il əvvəli, 1990-cı ildəki hadisələri xatırlayıram. Milli Məclisin kürsüsündə bir-birinə aman verməyən, güzəşt etməyən insanlar o vaxt düşünmürdülər ki, Azərbaycan xalqının müqəddəs arzuları var. Bu gün bizim üçün təhlükə hər yerdən gözlənilir. Ən əsası bu günə qədər nəyin bahasına olursa olsun öz maraqlarını reallaşdırmaq istəyən vətəndaşlarımızdan gələn təhlükə var. İmkan vermək olmaz ki, onlar gələcəkdə Azərbaycanda hakimiyyətə gəlsinlər. Xalq buna imkan verməyəcək. Bu gün Azərbaycanın inkişafının bir yolu var, Heydər Əliyev yolu. Biz Heydər Əliyev yolu ilə gedən İlham Əliyevin arxasındayıq. Ona dayağıq, ona söykənirik və ona hər zaman dəstək verəcəyik".


Deputatlar Qənirə Paşayeva, Əli Hüseynli, Rafael Cəbrayılov, Elton Məmmədov, Fəzail İbrahimli, Jalə Əliyeva, Siyavuş Novruzov da çıxış edərək tariximiz, keçmişimiz haqqında danışıblar və Azərbaycanın müstəqillik dövründə ələ etdiyi uğurlardan bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня