YAP-ın Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı ilə əlaqələri müzakirə olunub
Yeni Azərbaycan Partiyasının Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə əlaqələri müzakirə olunub. SİA-nın məlumatına görə, Azərbaycanın hakim partiyasının mənzil-qərargahında partiya sədrinin müavini - icra katibi Əli Əhmədovla Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq arasında görüş keçirilib.
Görüşdə YAP-ın sədr müavini Əli Əhmədov qonaqları salamlayıb və onları Bakıda görməkdən sevinc hissi keçirdiyini deyib. O, bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyinin tamam olduğunu qeyd edib və Azərbaycanın müstəqillik tarixi barədə qısa məlumat verərək bildirib ki, Azərbaycanın 20 il ərzində siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdyi uğurları Bakını gəzib görməklə bilmək olar.
Ə.Əhmədov Azərbaycanın müstəqillik illərində qarşılaşdığı problemlərdən də söz açıb. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu xatırladıb və əlavə edib ki, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan torpaqlarını təcili olaraq işğaldan azad etməsi barədə qərar və qətnamələrinə baxmayaraq, Ermənistan hələ də işğalçı siyasətini davam etdirir.
Əli Əhmədov Bakıda keçiriləcək görüşlərin məhsuldar olacağına ümid etdiyini bildirib.
Çunq Eu Yonq öz növbəsində Azərbaycanın müstəqilliyinin 20 illiyinin tamam olması münasibəti ilə YAP-ın sədr müavinini təbrik edib.
Azərbaycan və Koreya arasında münasibətlərin uğurla inkişaf etdiyini xatırladan Çunq Eu Yonq Azərbaycanın İCAPP-la da əlaqələrə önəm verdiyinə görə təşəkkürünü bildirib. O, əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, İCAPP-ın ilk təsis iclası 2000-ci ilin sentyabr ayında Filippində keçirilib. Konfransın keçirilməsində məqsəd regionun müxtəlif siyasi partiyalarını bir yerə toplamaq, Asiyada sülh, təhlükəsizlik, əmin-amanlıq və qarşılıqlı münasibətləri inkişaf etdirmək və Asiyanın inkişafına nail olmaqdır.
Konfransın iclaslarında 50-dən çox ölkənin nümayəndələri iştirak edir. Konfransın komitə iclaslarında əsasən Asiyada sülh və təhlükəsizlik, mədəni əlaqələr, siyasi partiyalararası münasibətlər və digər məsələlər müzakirə olunur.
YAP-ın sədr müavini Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin idarə heyətinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB