Bu gün Fövqəladə Hallar Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərasimi giriş sözü ilə açan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təklifi ilə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini ehtiramla yad etdilər.
Nitqinə davam edən Kəmaləddin Heydərov dövlət müstəqilliyinin əldə edilməsinin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu, müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıdığını qeyd edib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan natiq demişdir ki, müstəqilliyin ilk illərində xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalan milli dövlətçiliyimiz məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almış, ulu öndərin rəhbərliyi altında müstəqil dövlət quruculuğu istiqamətində məqsədyönlü, gərgin və ardıcıl işlər görülmüşdür. Müasir müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxardıb.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin dünyanın ən sabit, sosial-iqtisadi cəhətdən böyük sürətlə inkişaf edən ölkəsinə çevrildiyini bildirən Kəmaləddin Heydərov vurğulamışdır ki, müstəqil Azərbaycan hər ötən gün yeni-yeni uğurlara imza atır. İqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilən Azərbaycan beynəlxalq münasibətlər məkanında öz sözünü qətiyyətlə deyir. Respublikamız beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmiş, qlobal maliyyə böhranı dövründə belə Azərbaycan iqtisadiyyatı müsbət dinamika ilə inkişaf edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin yaradıldığını xatırladan general-polkovnik dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində digər sahələrdə olduğu kimi, bu sahədə də ciddi inkişafa nail olunduğunu, əhalinin fövqəladə hallardan etibarlı şəkildə mühafizəsi üçün ciddi tədbirlərin görüldüyünü, nazirliyin qısa bir müddətdə maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edildiyini söyləyib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov çıxış edərək xalqımızın tarixi taleyində müstəsna rol oynayan müstəqillik tariximizdən, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, misilsiz xidmətlərindən danışıbr. Qeyd edib ki, ulu öndər qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin edib. Heydər Əliyevin yürütdüyü siyasət, bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib.
Siyavuş Novruzov həmçinin müstəqillik yollarında həyata keçirilən möhtəşəm layihələrdən, Azərbaycanın dünyanın ən sürətli inkişaf edən ölkələrindən birinə çevrilməsindən, beynəlxalq aləmdə böyük nüfuza sahib olmasından, ölkəmizi modern dövlətə çevirən islahatlardan, demokratik vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunan uğurlardan danışıb.
Mərasimin sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB