Əli Həsənov: “Siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin zamanı çatıb” - AÇIQLAMA

Əli Həsənov: “Siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin zamanı çatıb” - AÇIQLAMA

Prezident Administrasiyası tərəfindən hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsi müzakirə olunmaq və rəy verilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına göndərilib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri bildirib ki, Avropa Şurası Venesiya Komissiyasında müzakirələr aparmaq üçün bu gün Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşəcək. Onun sözlərinə görə, Venesiya Komissiyasında qanun layihəsi ilə bağlı müzakirələr aparılacaq: "Yəqin ki, Avropa Şurasının rəyi də nəzərə alınmaqla 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşacaq və layihə parlamentə göndəriləcək. Hesab edirik ki, bu qanunun qəbul olunması zəruridir. Azərbaycan artıq elə bir vəziyyətə gəlib çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir. Siyasi partiyalar cəmiyyətin əsas institutlarından biridir. Cəmiyyətin formalaşdırılmasında, dpvlətin idarəçiliyində iştirak edir. Ona görə də düşünürük ki, bunları xarici və daxili asılılıqdan xilas etməyin zamanı çatıb. Dövlət siyasi partiyaları maliyyələşdirsə, siyasi partiyaların da üzərinə Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öhdəlik düşmüş olar".

Sonra isə Ə.Həsənov dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrdən danışıb. O qeyd edib ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandığı səslərin sayıdır: Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər. Ölkələrin 90-98 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən avtomatik kənarlaşdırılır. Bizim Venesiya Komissiyasına təqdim etdiyimiz modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılan vəsaitlərin partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə variant var. Mən indidən bu variantların təfsilatına varmaq istəmirəm. Venesiya Komissiyasında aparılan müzakirələrdən sonra yəqin ki, bu məqamlar açıqlanacaq. Ümumiyyətlə, parlamentdə müzakirələr zamanı başqa variantlar da üzə çıxacaq. Hər halda elə edəcəyik ki, Azərbaycan cəmiyyətinin formalaşmasında rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiyalar bu maliyyələşmədən kənarda qalmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə