Ekvadorun xarici işlər naziri Azərbaycana rəsmi səfərə gələcək

Ekvadorun xarici işlər naziri Azərbaycana rəsmi səfərə gələcək

Oktyabrın 18-də Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Patinyo Aroka Azərbaycana rəsmi səfərə gələcək. Ekvadorun Rusiya və Belarusdakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumat əsasən Ekvador xarici siyasət idarəsinin başçısı ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra Rikardo Patinyo Arokanın azərbaycanlı biznesmenlər və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlıq və ən yüksək səviyyədə diplomatik münasibətlərin qurulması məsələləri müzakirə olunacaq. Görüş çərçivəsində bir sıra sazişlərin də imzalanması gözlənilir. Onların arasında Ekvadorun Azərbaycan Respublikasında səfirliyinin təsis olunması, viza rejiminin qarşılıqlı ləğvi barədə sazişlər, Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Protokolu və Ticarət-İqtisadi Birliyin (JETCO) yaradılması haqqında Qarşılıqlı anlaşma Memorandumu da var.

Ekvadorlu nazir Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşəcək. Görüşdə iki ölkə arasında ticarət münasibətləri, texniki əməkdaşlıq, Ekvadorun ixrac təklifləri və sərmayə baxımında cəlbediciliyi, iqtisadi göstəriciləri müzakirə olunacaq. Nəhayət Rikardo Patinyo Aroka baş nazir Artur Rəsizadə ilə görüşəcək. Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri həmçinin Azərbaycanın əsas texnoloji və sənaye mərkəzlərində olacaq.

Rikardo Patinyo Arokanı səfərdə xarici ticarət və iqtisadi inteqrasiya nazirinin müavini Fransisko Rivadeneyra, Yasuni-İTT layihəsi qrupunun rəhbəri İvonn Baki və Ekvador XİN dövlət katibləri müşayiət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə