YAP Gədəbəy rayon təşkilatının ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradovun sədrliyi ilə rayon təşkilatının şura iclası keçirilib. O, Yeni Azərbaycan Partiyasının bu yaxınlarda keçirilən rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi haqqında şura üzvlərinə məlumat verib.
SİA-nın verdiyi məlumata görə, R.Muradov YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun həmin tədbirdəki çıxışının məğzini açıqlayıb: "YAP İcra katibi Əli Əhmədov müşavirədə vurğuladı ki, YAP-ın nizamnaməsinə uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının konfransları keçirilməlidir. Bildiyiniz kimi, ötən il ölkəmizdə parlament seçkiləri keçirildi. YAP da digər siyasi təşkilatlar kimi seçkilərə qatıldı. Ondan öncə bələdiyyə və prezident seçkiləri keçirilmişdir. Ona görə də rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə zaman baxımından imkan olmamışdır. Artıq indi bunun üçün imkanlar var. Bu vaxtdan istifadə edib, rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Növbəti konfransın yüksək səviyyədə keçirilməsinə nail olmaq üçün, ilk növbədə, ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlamalıyıq".
Daha sonra vurğulanıb ki, hesabat-seçki yığıncaqlarında hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işləri bəyan etməklə yanaşı, çatışmazlıqlar da araşdırılmalıdır. "Hesabat-seçki yığıncaqlarında gənclərin partiyada sayının çoxalması ilə əlaqədar onların təşkilatlarda fəaliyyətləri yüksək əlaqələndirmə mexanizminin yaradılması, çoxsaylı üzvləri olan ilk təşkilatların idarə olunması təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Yığıncaqlarda partiyadaxili cari məsələlər müzakirə olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Hesabat dövründə şuranın və idarə heyətinin müəyyənləşdirdiyi vəzifələri kifayət qədər ardıcıl şəkildə həyata keçirə bilməyən ilk təşkilat sədrləri yeniləşdirilməli, gənclərin partiya işinə cəlb olunmasına diqqət yetirilməlidir", - deyə vurğulanıb.
Sonda YAP Gədəbəy rayon təşkilatında fəaliyyət göstərən 72 ərazi ilk partiya təşkilatlarından rayon təşkilatının VII konfransına nümayəndələr seçilməsi ilə əlaqədar hesabat-seçki yığıncaqlarının mütəşəkkil keçirilməsi üçün təşkilat sədrinin rəhbərliyi ilə idarə heyəti üzvləri və partiya fəalları arasında iş bölgüsü aparılıb.
Xatırladaq ki, oktyabrın 3-dən başlayaraq YAP Gədəbəy rayon təşkilatı tərəfindən tərtib edilmiş qrafik əsasında ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi uğurla davam etdirilir. Dünən, həmçinin, rayonun Samanlıq, Pərizamanlı və Qoşabulaq kənd ərazi ilk partiya təşkilatlarında rayon təşkilatının VIII konfransına nümayəndələrin seçilməsi ilə əlaqədar hesabat-seçki yığıncaqları keçirilmişdir.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB