Zahid Oruc: “Güclü hakimiyyət zəif müxalifət modelində dialoq istəmir” - MÜNASİBƏT

Zahid Oruc: “Güclü hakimiyyət zəif müxalifət modelində dialoq istəmir” - MÜNASİBƏT

"Demokratiyaya yumşaq keçid" yol xəritəsində 90-cı illərin elementlərini görürəm. SİA-nın məlumatına görə, bunu AzadlıqRadiosunun "İşdən sonra" proqramına qonaq olan deputat Zahid Oruc deyib.

"Bu qüvvələrdə belə bir təsəvvür var ki, Azərbaycan o dövrün reallıqları ilə eyni bir vəziyyətdə yaşayır. Müasir dövrün tələbləri baxımından o sənəddə irəli sürülmüş fikirlər nə qədər yerindədir? Mən bunu göz önünə gətirmək istəyirəm. Azərbaycanın dövlət qurumları, dövlət təsisatı sistemi formalaşıb, idarəetmə quruluşu oturuşub", - deyə millət vəkili bildirib.


Zahid Orucun dialoq məsələsinə də toxunub: "Güclü hakimiyyət zəif müxalifət modelində dialoq istəmir. Müxalifət dialoq üçün güclənməlidir. Sözün həqiqi mənasında. Müxalifətin cəmiyyətdə gedən proseslərə təsir gücü o səviyyəyə gəlib çatmalıdır ki, hakimiyyət hiss etməlidir ki, bu prosesləri irəliyə aparmaq üçün müxalifətlə konsensus tapılmalıdır. Bu konsensus müxalifətdən keçməlidir. Bu gücü müxalifətdə hiss etmədiyinə görə hakimiyyət elə hesab edir ki, filan addımları atmaq üçün mən niyə müxalifətlə bir masa arxasında əyləşməliyəm? Yalnız siyasi mədəniyyət naminəmi?".

AVP sədrinin müavini müxalifətin fəaliyyətsiz olduğunu da deyib: "Bizim də mövqeyimiz bir çox hallarda ayrı-ayrı insanların fəaliyyətinə münasibətdə çox kəskin olur. Lakin onlardan fərqli olaraq biz reallığı tanıyırıq. Uğuru tanıyırıq. Göstərilən hər hansı mövqeyə müsbət münasibəti göstəririk. Bunu bəyan edirik. Qoy müxalifət də bu nailiyyətləri qazansın. Müxalifət bir dənə bu beynəlxalq yazışmalarla yarım abzas barometr olaraq bir sənəd alıb gətirmiş olsaydı bu gün bizim əleyhimizə onu daha yaxşı səsləndirə bilərdilər".

Müxalifət Azərbaycanda ən azı on il üçün hakimiyyət uğrunda mübarizədən imtina etməlidir: "Müxalifətin fəaliyyəti hakimiyyət uğrunda mübarizə aparan dəstənin fəaliyyətidir. Bununla belə Azərbaycanda qarşıdakı ən azı onillik dövr üçün müxalifət hakimiyyət uğrunda mübarizədən imtina etməlidir. Qoy onlar xarici siyasətə dair baxışlarını ortaya qoysunlar, qoy söyləsinlər ki, Rusiya ilə davranışlarını necə seçərdilər, İrana dair mövqelərini ortaya qoysunlar. İslahatlara dair model təklif etsinlər. Qarabağ probleminin həlli yollarını göstərsinlər. Təhsil islahatlarını göstərsinlər. Yəni alternativliyin modeli ortalığa gəlsin. Cəmiyyət onu görsün", - deyə deputat bildirib.

Bütün bu dediklərinə səbəb kimi isə millət vəkili müxalifətin yeniləşməməsində görüb: "Müxalifət yeniləşmir. Yeni ideyalar istehsalına qabil deyil. Müxalifətin ideya zavodu işləmir. Kadr rotasiyası etmir".


Bütün xəbərlər Facebook səhifəmizdə