Bakıda “Müstəqil Azərbaycan 20 ildə” adlı Milli Sərgi keçirilib

Bakıda “Müstəqil Azərbaycan 20 ildə” adlı Milli Sərgi keçirilib

Bu gün Bakı Sərgi Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan 20 ildə" adlı Milli Sərgi açılıb. SİA-nın xəbərinə görə, sərginin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına məlumat verərək bildirib ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edib. Ümumi sahəsi 11 min kv. metr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunub. Sərgidə həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilib.

Daha sonra prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub, Bakı Sərgi Mərkəzinin həyətində nümayiş etdirilən texnikaya baxıb və sərginin işinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə