Azərbaycan Prezidenti Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, uzunluğu 22 kilometr, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma yerli əhəmiyyətli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrindəki əhalinin sayı 26 min nəfərdir. Həmin yol uzun müddət istismarda olduğundan təmirə ehtiyacı var idi. Yol yenidən qurularkən alt qatı 7, üst qatı 5 santimetr olmaqla ikiqat asfaltla örtülüb. Yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılmış, yolun dar hissələri genişləndirilib. Yol müvafiq nişanlarla təchiz olunub.


Bildirilib ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ayırıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrətin nümayişi baxımından əlverişli imkanlar açır. Dövlət başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir.


Prezident İlham Əliyev kənd sakinləri ilə söhbət edib. Yolun açılışı münasibətilə təbriklərini çatdıran dövlət başçısı əhalinin gediş-gəlişini asanlaşdıracaq bu yolun Qubanın inkişafı üçün əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkədə bütün yolların, magistralların, o cümlədən kənd yollarının tikintisinə və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev bu gün Qubanın inkişaf etdiyini, gözəlləşdiyini, abadlaşdığını da vurğuladı və bu prosesin bundan sonra da davam etdiriləcəyini söyləyib.


Bütün xəbərlər Facebook səhifəmizdə