Fransanın “La Lettre Diplomatique“ jurnalında Azərbaycana aid məqalə dərc olunub
Fransada nəşr olunan nüfuzlu "La Lettre Diplomatique" ("Diplomatik məktub") jurnalının 94-cü (avqust) nömrəsində Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş "Neft və qaz potensialının iqtisadiyyatın şaxələndirilməsi prosesində rolu" sərlövhəli geniş material dərc edilib. SİA-nın məlumatına görə,materialda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, Fransanın Milli Assambleyasında Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Jan-Lui Dumon, Azərbaycan-Fransa Ticarət Palatasının prezidenti Ardavan Amir-Aslani, Fransanın tunellər və yeraltı sahə üzrə cəmiyyətinin prezidenti Alan Balan, Bordo Siyasi Elmlər İnstitutunun Qafqaz regionu üzrə elmi-tədqiqatçısı Samuel Lusak və Paris Universitetinin professoru Edmond Juvenin müsahibələri öz əksini tapıb.
Müsahibələrdə bildirilir ki, Azərbaycan neft ölkəsi kimi tanınır və bu təbii haldır, çünki dünyada neft ilk dəfə sənaye üsulu ilə də, həmçinin dənizdə də məhz Azərbaycanda çıxarılıb. Bir neçə il əvvəl Azərbaycanda böyük qaz yataqları da aşkar olunub. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetr təşkil edir. Hazırda Azərbaycan neftlə yanaşı, qaz ixracatını da həyata keçirir. Beləliklə, Azərbaycan dünyada neft və qaz istehsalçısı və ixracçısına çevrilərək dünyanın və Avropanın enerji təhlükəsizliyinə töhfəsini verməkdədir. Bu səbəbdən də Azərbaycanın enerji ölkəsi kimi tanınması təbii haldır. Lakin Azərbaycan qeyri-neft sektorunda da böyük potensiala malikdir və hazırda hökumətin iqtisadi gündəliyinin prioritetlərinə iqtisadiyyatın qeyri-neft sektorunun və ixracın inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi, regionların sosial-iqtisadi inkişafı aiddir.
Bununla yanaşı, materialda qeyd edilir ki, son 8 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3 dəfə artmışdır və 2009-cu ildə - qlobal iqtisadi böhran ilində dünyada neftin qiyməti 4 dəfə ucuzlaşsa da, Azərbaycan iqtisadiyyatı 9,3 faiz, ötən il isə 5 faiz artmış, davamlı inkişaf və ÜDM-in strukturunun şaxələndirilməsi təmin edilib.
Məqalədə bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd etməmsinə də yer verilib: "Bu dövr, xüsusilə də, müstəqilliyin bərpa edilməsinin ilk illəri Azərbaycan üçün çox çətin olub. Lakin buna baxmayaraq, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən aparılan düzgün iqtisadi siyasət ölkə iqtisadiyyatının uğurlu və hərtərəfli inkişafına səbəb olub. Buna misal kimi, son 15 ildə ölkəyə qoyulan investisiyaların məbləği 100 milyard ABŞ dollarına yaxınlaşmışdır. Bunların təxminən yarısı xarici sərmayələrdir və son illərdə iqtisadiyyata qoyulan investisiyaların əksəriyyəti qeyri-neft sektorunun payına düşür".
Yazıda vurğulanır ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə və xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Azərbaycan və Fransa prezidentləri, yüksək vəzifəli şəxsləri müxtəlif əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalamış və beləliklə, iqtisadi əməkdaşlıq üçün zəruri hüquqi bazanı yaradıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Nikola Sarkozi sonuncu görüşləri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə dair tövsiyələrini bildiriblər.
İkitərəfli iqtisadi əməkdaşlıq sahələrinə gəldikdə, materialda, həmçinin sənaye sahəsində, o cümlədən maşınqayırma, lokomotivlərin, metro vaqonlarının və ya onların müxtəlif hissələrinin istehsalının qurulması, qida məhsullarının istehsalı üçün müasir müəssisələrin və kənd təsərrüfatı komplekslərinin yaradılması, şərabçılığın inkişafı, alternativ enerji sahəsində layihələrin həyata keçirilməsi, müasir turizm obyektlərinin istifadəyə verilməsi, informasiya və kommunikasiya texnologiyaları və perspektivli sayılan digər xidmət sahələrinin inkişafında fransız şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanların mövcudluğu da bildirilir.
Müsahibələrdə diqqətə çatdırılır ki, bu il, Azərbaycan-Fransa İkitərəfli İqtisadi Komissiyasının növbəti - 6-cı iclası keçiriləcək, eləcə də cari ildə Parisdə Azərbaycan-Fransa Biznes Şurasının təsis edilməsinin əsası qoyulub. Şuranın məqsədi Azərbaycan və Fransa şirkətlərini bir araya gətirərək onların biznes əməkdaşlığını inkişaf etdirməkdir. Bunlarla yanaşı, iyunun 7-də iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində Parisdə hər iki ölkə nazirlərinin və biznes nümayəndələrinin iştirakı ilə ilk "dəyirmi masa" təşkil edilib.
Yazıda vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsini istəyir. Həmçinin Azərbaycan ilə Fransanın mədəni, təhsil və parlamentlərarası əməkdaşlığının intensiv inkişaf etdirilməsindən bəhs edilir və bu prosesdə Azərbaycan Milli Məclisində Azərbaycan-Fransa dostluq qrupunun yeni sədri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi rolu qeyd edilir.
Ümumiyyətlə, materialda Azərbaycan haqqında geniş məlumatlar verilir və müstəqilliyinin bərpa edilməsinin 20 illik dövrünün son 17 ili ərzində Azərbaycanın böyük iqtisadi nailiyyətlər əldə etdiyi bildirilir, Bakı şəhərinin Xəzər dənizi sahilində yeganə paytaxt olaraq sürətli iqtisadi inkişaf dövrü yaşadığı və biznes mərkəzinə çevrildiyi diqqətə çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB