Turan İbrahimov: “Bu adam Xocalı soyqırımı ilə bağlı dediklərinə görə xalqdan üzr istəməyib”-AÇIQLAMA-EKSKLÜZİV
Bu günlərdə həbsdən azad edilmiş "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevlə ANS telekanalının Xəbərlər Departamentinin baş redaktoru Mirşahin Ağayev arasında bir konflikt yaşanmaqdadır. Belə ki, Eynulla Fətullayev Mirşahin Ağayevi debata çağırsa da M. Ağayev bu debatın həyata keçirilməsi üçün Eynulla Fətullayevin xalqdan üzr istəməsinin vacib olduğunu bildirib. Yəni tərəflər arasında hər hansı bir debatdan söhbət gedə bilməsi üçün Eynulla Fətullayev Xocalı qətliamı ilə bağlı fikirlərinə görə Azərbaycan xalqından üzr istəməli, xalqın qarşısında öz legitimliyini bərpa etməlidir.
Mirşahinin sözlərinə cavab verən Eynulla Fətullayev qeyd edib ki, artıq Avropa Məhkəməsi bu işlə bağlı ona bəraət verib və Azərbaycan Respublikasının prezidentinin iradəsi ilə bu bəraət Azərbaycan tərəfindən rəsmiləşib.
Məsələ ilə bağlı tanınmış telejurnalist, zaman-zaman Eynulla Fətullayevlə bağlı fikirlərini bəyan etmiş, onunla bağlı məqaləyə müəlliflik etmiş Turan İbrahimov SİA-ya açıqlama verib. O qeyd edib ki, Eynulla Fətullayev heç də Xocalı məsələsi ilə bağlı bəraət almayıb: "Eynulla yalan danışır. Əksinə, Avropa İnsan Haqqları Məhkəməsi Eynulla Fətullayevin Azərbaycan məhkəmələrində israrla dandığı bir faktı sübuta yetirib. Sadəcə olaraq Fətullayevin bu şəkildə düşünməsi Avropa Məhkəməsi tərəfindən cinayət əməli kimi qəbul edilməyib. Budur məsələ! Yəni Eynulla burada bəraət ala bilər, amma fakt faktlığında qalır ki, bu adam Xocalı soyqırımı ilə bağlı dediklərinə görə, bu xalqdan üzr istəməyib və Azərbaycan xalqı qarşısında gözükölgəliliyinin, mənəvi xəyanətkarlığının məsuliyyətindən qurtulmayıb. Bütün bunları nəzərə alaraq Mirşahin Ağayevi öz şərtində haqlı hesab edirəm. Eynulla Fətullayev isə heç nə olmamış kimi sözügedən KİV-lər vasitəsilə bir daha xalqı aldatmağa çalışaraq yalan məlumatlar yaymaqla, "qırmızı-qırmızı" hansısa bəraətdən danışıb iz azdırmağa çalışır. Tamam, Avropa Məhkəməsi bəraət verdi. Bəs, gəlin görək, Xocalıda yaxınlarını itirənlər, anası-bacısı düşmənə əsir düşənlər və ümumiyyətlə, Azərbaycan xalqı ona bəraət veribmi?".
Xatırladaq ki, Eynulla Fətullayev Xocalı soyqırımının ermənilər deyil, Azərbaycan tərəfindən törədildiyini vurğulayan "Qarabağ gündəliyi" adlı məqaləsindəki fikirlərinə görə mühakimə olunmuşdu. Yerli məhkəmələrdə belə bir fikri söyləmədiyini israrla bildirən Eynulla Fətullayevin məlum mövqeyinə AİHM tərəfindən bəraət verildi. Yəni düşüncələrində sərbəst olduğu bildirilsə də əslində E.Fətullayevin bu fikirləri bildirdiyi rəsmən təsdiqlənmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB