Cümşüd Nuriyev: “Türkiyə və İranla viza rejiminin ləğvi hazırlıq tələb edir”

Cümşüd Nuriyev: “Türkiyə və İranla viza rejiminin ləğvi hazırlıq tələb edir”
Türkiyə və İranla viza rejimi ləğv olunarsa, hər il ölkəyə gələnlərin sayı 2 milyon arta bilər. Ona görə ölkə buna tam hazır olmalıdır. Bu sözləri politoloq Cümşüd Nuriyev məsələ ilə bağlı öz baxışını SİA-ya açıqlayarkən söyləyib: "Viza rejimi mərhələli şəkildə bütün hazırlıqlar həyata keçirildikdən sonra baş tuta bilər. Ölkəyə birdən-birə insan axınının artması iqtisadi cəhətdən də problemlər yarada bilər. Məsələn, bunun nəticəsində ölkədə ərzaq çatışmazlığı, daşınmaz əmlakın, qidanın və digər xidmətlərin qiymətlərinin artması baş verə bilər. Bunun üçün mehmanxana sistemi və bütün zəruri xidmətlər daha çox insan qəbul etməyə hazır olmalıdır. Artıq ölkədə infrastruktur hazırlanır, mehmanxanalar tikilir və başqa tədbirlər görülür. Bu işlər yekunlaşandan sonra viza rejiminin ləğvi daha labüd olacaq".
C. Nuriyev viza rejiminin ləğvinin ölkəyə arzu olunmayan insanların gəlişinə şərait yarada biləcəyinin də istisna olunmadığını deyib: "Dünyanın bir çox sərhəd keçid məntəqələrində tətbiq olunan biometrik göstəricilər sistemi bizdə də tətbiq olunmalıdır. Bu sistemin tətbiqi terrorist və başqa insanların ölkənin hüdudlarına keçməsinin qarşını alır. Artıq bu sistemin tətbiqi ilə məsələ gündəmə gəlib. Onu da deyim ki, istər Türkiyənin, istərsə də İranın həm dövlətçilik təcrübəsi, həm də əhalisi Azərbaycandan daha çoxdur. Ona görə də bu ölkələrin viza rejimini ləğv etməsi daha asan oldu".
Politoloq Türkiyə ilə viza rejiminin ilin sonuna kimi ləğv edilə biləcəyinin istisna olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə