Mais Səfərli: “Radikal müxalifət liderlərinin yaratdıqları birliklər onların iddialarının və şəxsi ambisiyalarının qurbanı olur”

Mais Səfərli: “Radikal müxalifət liderlərinin yaratdıqları birliklər onların iddialarının və şəxsi ambisiyalarının qurbanı olur”

"Yurddaş" partiyasının sədri Mais Səfərlinin müsahibəsi:

- Mais müəllim, müxalifətin pərakəndə və dağınıq halda olmasının başlıca səbəbini liderlərinin səhv siyasət aparmaları ilə əlaqələndirmək olarmı?

- Artıq 20 ilə yaxındır ki, liderlər müxalifət partiyalarına başçılıq edirlər. Bu illər ərzində onlar öz partiyalarını inkişaf etdirə bilməyiblər. İqtidar-müxalifət münasibətlərinin qurulması üçün cəhdlər də göstərməyiblər. Bu da onların kobud səhvlərindən irəli gəlir. Bütün bunlar həmin liderlərin nüfuzunun aşağı düşməsinə və partiya üzvlərinin onları tərk edərək getməsinə səbəb olur. Hesab edirəm ki, müxalifət partiyaları həm daxildə çox zəifdir, həm də öz aralarında çox ciddi şəkildə həlledilməz ziddiyyətlərə və münaqişələrə malikdilər.

- Nəyə görə birlikdən danışan müxalifət partiya sədrləri əməli fəaliyyətlərində müxtəlif xarakterli blok və qurum yaradırlar?

- Radikal müxalifət partiya liderlərinin iddiaları ambisiyaları ilə bağlıdır. Hər bir müxalifət partiya liderləri yataraq yuxuda özlərini prezident görərək düşünürlər ki, onların hər biri özündən başqa digər bir namizədi qəbul edə bilmir. Ona görə də, müxalifət partiyalarının birlikləri davamlı olmur. Yəni yaratdıqları birlikdə onların iddialarına və şəxsi ambisiyalarına qurban olur.

- 20 ilə yaxındır ki, ölkədə radikal müxalifət partiyaları fəaliyyət göstərir. Bu partiyalar fəaliyyət göstərdiyi müddət ərzində heç nəyə nail ola bilməyiblər. Sizcə, bundan sonra onların nə isə əldə edə biləcəkləri nə dərəcədə inandırıcıdır?

- 20 il ərzində müxalifət liderləri hansısa bir partiyaya başçılıq edərək heç nəyə nail ola bilməyibsə, düşünürəm ki, həmin partiya liderləri nəinki partiya sədrliyindən, hətta siyasətdən getməlidirlər. Çünki bütün demokratik ölkələrdə belə bir ənənə var ki, əgər bir partiya lideri bir və iki dəfə ölkədə keçirilən seçkilərdə uğursuzluğa düçar olursa, həmin partiya lideri siyasətdən getməlidir. Düşünürəm ki, bundan sonra da müxalifət partiya liderləri heç nəyə nail ola bilməyəcək.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə