Azərbaycanda qatarların sürəti artacaq

Azərbaycanda qatarların sürəti artacaq

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində həyata keçirilən sürətli qatar layihəsinə start verilib.

Bu barədə SİA-ya açıqlamasında \"Azərbaycan Dəmiryolları\" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib.

O vurğulayıb ki, sürətli qatar layihənin icrasına artıq start verilib. Bununla bağlı yolların təmir işləri gedir: "Artıq 4 km yolu təmir etmişik. Bakı-Böyük Kəsik istiqamətində 317 km yol isə hələ təmir olunmalıdır. İlk olaraq yollarda sürətin qaldırılması planlaşdırılır. Artıq Çexiyanın "İxrac" Bankının 215 milyon avro məbləğində vəsaitin kredit xətti açılıb. Təmir işləri hazırda davam edir. Bütün bunlar həyata keçirildikdən sonra sürət qalxacaq, hansı ki, saatda 120-140 km təşkil etməlidir. Yük qatarlarında isə sürət 100 olmalıdır. Bunlardan sonra isə sürətli qatar işini tətbiq edə bilərik. Hələ ki, yolda sürətin qaldırılması işi gedir".

Məlumat üçün bildirək ki, bu layihə Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində həyata keçirilir.

Əsaslı təmir işlərini aparmaq üçün qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın "Moraviya STEEL" şirkəti arasında Çərçivə müqaviləsi imzalanıb, Çexiyanın "Trşinets celezarnı" zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılıb, artıq 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə