Hacı Surxay: “Əgər bir insan 3 və ya 10 gün oruc tutarsa, onları bu orucluqdan çəkindirmək olmaz” - MÜSAHİBƏ (SƏS TV)
İçəri Şəhər cümə məscidinin dini icmasının sədri və axundu hacı Surxay Məmmədlinin Ramazan ayı ilə bağlı SƏS TV-yə müsahibəsi:
- Ramazan ayı nə deməkdir və bu ayın fəziləti haqqında nə deyə bilərsiniz?
- İlk olaraq bütün Azərbaycan xalqını ramazan ayı münasibəti ilə təbrik edirəm. Ramazan "ramata" sözündən əmələ gəlib \"yandırmaq\" və \"yanmaq\" mənasını ifadə edir. İnsan 11 ayda nə günah edirsə, bunu 1 ay ərzində yandırır və kül edib aradan qaldırır. Ramazan ayının fəziləti ondan ibarətdir ki, orucluq ayında nəfəsləriniz belə təsbehdir. Yəni insanlar heç bir zikr etmədən adi bir nəfəs alırsa, bunun özü də bir zikrdir. Yatmaqlarınız belə ibadətdir. Allah-təala buyurub ki, orucluq mənim ayımdır. Hər kim bu ayda oruc tutarsa, o zaman onun mükafatını özüm verəcəyəm.
- Kimlər oruc tuta bilməz?
- Ya xəstə olanda, ya da ki, səfərdə olanda müstəsna hal kimi qeyd edilir. Bizdə elə diabetik xəstələr var ki, onlar susuzluğa dözə bilirlər. O insanlar ki, lap kritik vəziyyətdə belə onlar oruc tuta bilmirlər və 1 saat ərzində ac qala bilirlər, bəlkə o zaman onlar ölümlə üzləşə bilərlər. Hətta onlar iflic vəziyyətinə belə düşə bilərlər. Baxmayaraq ki, Ramazan ayı 2 gündür ki, girib artıq bu halı yaşayan biri ilə də rastlaşmışam. Onlara tövsiyə etdim ki, Allah belə insanlardan orucu götürür.
- Hansı hallarda oruc pozulmuş sayılır?
- Orucu batil edən 9 səbəb var. Onlardan bir neçəsini qeyd etmək olar. Bilərəkdən qaytarmaq, yəni daxildən xaricə nəsə çıxartmaq. Yeyinti məhsullarının insan orqanizminə daxil edilməsi orucu batil edə bilər. Allahın adından yalanlar və böhtanlar danışmaq, Quranda olan hədisi yalan şəkildə demək olmaz. Digər məsələlərdə var ki, onlar da xanımlara aiddir.
- Bir çoxlarının Əhya gecəsində oruc tutmaq istəmələri nə dərəcədə düzgündür?
- Əgər bir insan 3 gün və ya 10 gün oruc tutursa onları bu orucluqdan çəkindirmək olmaz. Onların inamı var ki, günündən asılı olmayaraq oruc tuturlar. Onlar müəyyən müddət ərzində bu ayın necə gözəl bir ay olduğunun fərqinə varırlar. Onlar anlayırlar ki, oruc tutduqları 3-4 gün ərzində daxilən paklanırlar. Bir ay ərzində 10 gün olaraq nəzir orucu kimi tutsunlar. Onlar oruc tutmağın dadını ləzzətini bildikdən sonra əminəm ki, gələn il 1 ay ərzində oruc tutacaqlar.
- Oruc tutub, lakin namaz qılmayan insanlar da var….
- Bir mənalı şəkildə deyə bilərəm ki, əgər bir insan oruc tutub da namaz qılmırsa, o zaman onların bu işlərinin qəbul olunub olunmaması Allahın işidir. Bunu demək düzgün deyil ki, oruc tutub namaz qılmayan insanların orucları batil olur. Bunu deməyə heç kimin ixtiyarı yoxdur.
- Ət məhsullarından istifadə etdikdə nəyə əsaslanıb da və yaxud da hansı üsullarda istifadə etmək olar?
- Ət və ət məhsullarının müxtəlif çeşidləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət ediblər. Bununla bağlı bizim Fətva Şuramız da var. Hətta bizim nümayəndələrimiz də var ki, onlar kolbasaların hazırlandığı yerlərə belə gediblər. Harada ki, halal kəsim varsa, deməli orada Qafqaz Müsəlmanları İdarəsinin rəyi var. Bu gün kolbasa çeşidləri çoxdur, ancaq onların bir neçəsinə icazə verilib. O icazə də ona görə verilib ki, yoxlanılıb.
- Ramazan təqvimi ilə bağlı nə deyə bilərsiniz, çünki vaxtlarda anlaşılmazlıqlar yaranır….
- 30-a yaxın cədvəl əlimizə keçib. Biz onları bu gün rədd edirik. Azərbaycanın özünəməxsus coğrafi mövqeyi var. QMİ-in Şamaxı rəsədxanası ilə birlikdə hazırladığı 2011-ci il üçün Ramazan təqvimindən istifadə etmək lazımdır.
- Qadınların oruc tutarkən kosmetikadan istifadə edə bilərlər?
- Qadınlar oruc tutan zaman kosmetikadan istifadə edə bilərlər. Qadınlıq hər zaman gözəl şəkildə Allah tərəfindən təqdim olunub. Kosmetika orucu batil etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB