Bahar Muradova: “Rusiya birinci Qarabağ müharibəsində və bu gün də Ermənistanı dəstəkləyir”

Bahar Muradova: “Rusiya birinci Qarabağ müharibəsində və bu gün də Ermənistanı dəstəkləyir”

"Hər zaman başqalarının əlinə, verdiyi yardımlara öyrəşmiş Ermənistanın bu dəfə yardımların azaldılmasından narahatçılıq keçirməsi təbiidir". SİA-nın xəbərinə görə, bunu ABŞ-ın ayırdığı yardımları azaltmasına Ermənistan tərəfdən edilən narazılıqlara münasibət bildirən Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova bildirib: "Çünki bu ölkənin vəziyyəti kritikdir. Öz vətəndaşlarını normal şəkildə, yedirib, geyindirib, normal əməkhaqqı verə bilmir bununla belə Ermənistan təcavüzkar niyyətlərinə son qoymur. Həmçinin Qarabağa bu dəfə maliyyə yardımı ayrılmamasını mən müsbət hal olaraq qəbul edirəm. Çünki dəfələrlə onlar bu addımı atmaqla Azərbaycanla Ermənistana qarşı münasibətdə fərqli mövqe sərgiləmiş olurdular", - deyə B. Muradova bildirib.

B. Muradova vurğulayıb ki, rəsmi Vaşinqton ermənilərin narazılığına baxmayaraq bu addımı davam etdirməlidir: "Bununla Amerika artıq ermənilərin, erməni lobbisinin maraqlarını deyil, öz maraqlarını daha üstün tutduğunu göstərir".

Milli Məclisin vitse-spikeri həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlamalarına da münasibət bildirib: "Təcavüzkar cilovlanmadıqca, ona qarşı tədbirlər görülmədikcə, törətdiyi hərəkətlərin sayı daha da artır, beynəlxalq hüquq prinsiplərini daha da pozur. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın bu haqlı tələblərinə qoşulmalı, rəsmi Bakının mövqeyini müdafiə etməli, adekvat münasibət sərgiləməlidirlər. Sarkisyanın açıqlamaları da daxil olmaqla, erməni siyasətinin iç üzünü hər addımda ifşa edən bu kimi hərəkətlərə qarşı bütün dünya birləşməlidir", - deyə B. Muradova vurğulayıb.

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin "Hərbi əməliyyatlar zamanı türklərin Azərbaycanı, rusların isə erməniləri müdafiə etməsi üçüncü dünya müharibəsinə gətirib çıxaracaq" fikirlərinə gəlincə, vitse-spiker Rusiyanın birinci Qarabağ müharibəsində və bu gün də Ermənistanı dəstəklədiyini bildirib: "Jirinovski təcavüzkar ölkənin yanında olub, onu müdafiə edirsə, bu onların simasının göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə