Əli Əhmədov: “Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmalıyıq ki, insanların ədalətə olan inamı itməsin”
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının üzvlərindən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının vitse-sədri Pedro Agramuntu, AŞPA- nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Agustin Conde Bajeni və AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıq və Təsisat Məsələləri Komitəsinin sədri Egidijus Vareikisi qəbul edib.
SİA-nın xəbərinə görə, qonaqları salamlayan Əli Əhmədov ilk olaraq onları Azərbaycanın iqtisadiyyatı, nailiyyətləri, inkişaf tempi və ən ümdə problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb: "Sovet hakimiyyətinin süqutundan sonra postsovet məkanında ən sürətlə inkişaf edən dövlətlərdən biri Azərbaycandır. Son 7-8 il ərzində iqtisadiyyat 3 dəfə artıb. Ölkədə insanların rifahının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Hər il bir neçə dəfə dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqları artırılır. Bu gün Azərbaycanın bütün sahələrdə modernləşməsi istiqamətində işlər görülür. Məqsədimiz Azərbaycanı Avropanın öndə olan ölkələrindən birinə çevirməkdir. Azərbaycanın Avropa İttifaqının üzvü olması ölkənin inkişafına daha da təkan verir. Ancaq bütün bu uğurlarla yanaşı Azərbaycanın qarşısında Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar, 20 faiz ərazimizin işğal altında olması, 1 milyon insanın məcburi köçkün həyatı yaşaması kimi ümdə problem durur. 20 ildən artıqdır ki, davam edən münaqişə nəticəsində Azərbaycan əhalisinin hər 10 nəfərindən biri qaçqın həyatı sürməyə məhkum olub. Təbii ki, Azərbaycan hökuməti ağır vəziyyətdə yaşamağa məhkum olan bu insanların saxlanması üçün böyük vəsait ayırır. Onlar üçün evlər tikilir. Halbuki, bu vəsaiti digər sahələrə ayırmaqla ölkəni daha da inkişaf etdirmək olardı".
Pedro Agramunt qaçqın şəhərciklərində olaraq onların vəziyyəti ilə yaxından tanış olduğunu bildirib.
Ə.Əhmədov son 20 ildə məcburi köçkün həyatı yaşayan insanlarla çox adamın görüşdüyünü, ancaq münaqişənin həlli istiqamətində heç bir iş görülmədiyini təəssüf hissi ilə qeyd edib: "Bu insanların acı taleyinin həlli üçün ciddi tədbirlər görülməyib. Atəşkəs elan edilməsinə baxmayaraq münaqişə davam edir, qurbanların sayı artır. Təəssüfləndirici haldır ki, qurbanlar arasında uşaqlar da var. Təkcə 1 il ərzində bir azərbaycanlı uşaq ermənilər tərəfindən snayperlə vurulub, bir uşaq isə ermənilərin çayla axıtdığı partlayıcı vasitə ilə qətlə yetirilib. Bu gün məqsədimiz münaqişənin ədalətli həllinə nail olmaqdır. Güman edirəm ki, səylərimiz bu istiqamətdə nəticə verəcək ki, insanların ədalətə olan inamı itməsin".
Pedro Agramunt öz növbəsində görüşdən məmnun qaldığını və bunun olduqca əhəmiyyət kəsb etdiyini deyib: "Qarşıdakı günlərdə ölkənizlə daha yaxından tanış olacağıq. Qeyd edim ki, Avropa Xalq Partiyası xristian demokratların partiyası olsa da, orada heç bir din ayrı-seçkiliyi yoxdur. Bütün tərəflərin maraqları eyni dərəcədə müdafiə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB