Meksikanın “The News” qəzeti Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzündən yazıb

Meksikanın “The News” qəzeti Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzündən yazıb
Meksikanın "The News" qəzetində Therese Marqolisin müəllifliyi ilə Azərbaycan Demokratik Respublikasına, Azərbaycanın sonrakı dövrlərdə inkişafı, həmçinin Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzündən bəhs edən məqalə dərc edilib. Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə, 28 May – Respublika Günü münasibəti ilə Azərbaycanın Meksikadakı Səfirliyində 2011-ci ilin may ayında keçirilmiş rəsmi qəbulu xatırlayan müəllif, 1918–1920-ci illərdə cəmi 23 ay mövcudluğundan sonra süquta uğramış Azərbaycan Demokratik Respublikasının Şərq dünyasında ilk demokratik, dünyəvi dövlət olduğunu, daha sonra isə Sovet İttifaqının tərkibinə daxil edildiyini qeyd edib.


Daha sonra məqalədə, Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik qazanması və günümüzədək növbəti iyirmi il ərzində ölkəmizin iqtisadiyyatı, mədəniyyəti və təhsil sistemi, enerji sektoru və digər müxtəlif sahələrin sürətlə inkişaf etdiyi vurğulanıb.


Sözügedən yazıda, Azərbaycan və Meksika arasında ikitərəfli əlaqələrin inkişafı, 2010-cu ildə Meksikada keçirilmiş Azərbaycanın Mədəniyyət günləri, yüksək səviyyəli səfərlər, habelə Azərbaycan Xarici İşlər Naziri E.Məmmədyarovun 2011-ci ilin mart ayında Meksikaya ilk rəsmi səfərindən bəhs edilib.


Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs edən məqalədə, bir milyondan artıq azərbaycanlının öz torpaqlarında qaçqın və məcburi köçkün düşməsi, işğal edilmiş ərazilərdə vəziyyət, həmçinin münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda geniş məlumat verilib.


Səfir İlqar Muxtarovun 28 May - Respublika Gününə həsr edilmiş tədbirdəki çıxışına istinadən müəllif qeyd edib ki, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət əsasında, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və Dağlıq Qarabağda azərbaycanlıların və erməni icmasının sülh şəraitində birgə yaşaması üçün müvafiq şərtlərin yaradılması nəticəsində mümkündür.


Qeyd edək ki, "The News" qəzeti Meksikada ingilis dilində yeganə dərc edilən mətbuat orqanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня