Prezident İlham Əliyev 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti Azərbaycanın iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib, dinamik sosial-iqtisadi inkişafı və əhalinin rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olmuşdur. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Respublikanın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir.
Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq dövlət başçısının bu Sərəncamı ilə 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyası Milli Strategiyanın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Prezident İlham Əliyevə təqdim etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB