Aleksey Vlasov: “Tərəflər Madrid prinsiplərinin yerinə yetirilməsi ardıcıllığı ilə bağlı razılığa gələ bilməyəcəklər”

Aleksey Vlasov: “Tərəflər Madrid prinsiplərinin yerinə yetirilməsi ardıcıllığı ilə bağlı razılığa gələ bilməyəcəklər”

Prezidentlərin Kazan görüşünün uğursuzluq kimi dəyərləndirilməsi ilə razılaşmıram. SİA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın "Vestnik Kafkaza" informasiya-təhlil agentliyinin baş redaktoru Aleksey Vlasov deyib. Politoloq Kazan görüşünü Qarabağ danışıqlarında növbəti mərhələ kimi qiymətləndirib: "Mənim fikrimcə, Azərbaycan və Ermənistan Madrid prinsiplərinin yerinə yetirilməsi ardıcıllığı ilə bağlı razılığa gələ bilməyəcəklər. Kazanda razılaşmanın əldə edilməməsi ilk növbədə ondan qaynaqlanır ki, Ermənistan və Azərbaycan arasında ixtilaf hələ də qalır. Belə ki, İrəvan birinci növbədə Qarabağın statusun çözümündə, Bakı isə erməni qoşunlarının işğal olunmuş torpaqlarından çıxarılmasında israr edir. Lakin hesab edirəm ki, 2012-ci ildə danışıqlar prosesində konkret nəticələr əldə olunacaq".

Rusiyanın münaqişənin həllində vasitəçilikdən imtina etməsi haqda son günlər mətbuatda yer alan iddialara da münasibət bildirən A.Vlasov hesab edir ki, bu kimi məlumatlar əsassızdır. Onun fikrincə, Moskvanın vasitəçilikdən imtina edə biləcəyi barədə məlumatlar qəsdən ortaya atılır və bunun arxasında digər maraqlı tərəflərin sülhyaratma missiyasını inhisara almaq niyyəti dayanır: "Qarabağ münaqişəsinin həll edilməmiş qalması Şimali Qafqaza və Rusiyanın cənubundakı sabitliyə mənfi təsir edir. Ona görə də Rusiya bu münaqişənin çözümdə maraqlıdır. Eyni zamanda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən çıxmayacaq, çünki o özü Cənubi Qafqazın təhlükəsizliyində maraqlıdır. Hazırda informasiya müharibəsi gedir və son iddialar da bununla izah edilir. Lakin Rusiyanın problemin çözülməsində rolu həlledici olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə