Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində süründürməçilik davam edir - ŞİKAYƏT
Bakı şəhəri Xətai rayon məhkəməsinin Məmmədov Ədalət Hacı oğlu ilə Məmmədova Nailə Kamal qızının boşanması haqqında çıxardığı qətnamədə göstərilən tələblər yerinə yetirilmir. Bunu SİA-nın müxbirinə şikayətçinin özü verib.
Bildirib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində məhkəmənin çıxardığı qətnaməyə dırnaqarası yanaşılır. Şikayətçi bildirib ki, DƏDRX-in Bakı Ərazi İdarəsinin hüquq şöbəsinin müdiri Aytən xanım və onun karguzarlıq işlərini görən iki şəxs nədənsə məsələni uzatmağa üstünlük verirlər. Eyni zamanda onlar Xətai rayon məhkəməsinin yanlış qərar çıxardığını da iddia edirlər.
Qeyd edək ki, Xətai rayon məhkəməsinin 2(011)-521/2011 saylı, 28.032011-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Bakı Avtomobil Zavodunun Şimal-Şərqində yerləşən 0,03 ha torpaq sahəsinə iddiaçı Məmmədova Nailə Kamal qızının və cavabdeh Məmmədov Ədalət Hacı oğlunun 1/2 payları müəyyən edilməlidir. İcra sənədi icra olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilib.
Məhkəmənin çıxardığı qətnamənin bu günə qədər icra olunmadığını bildirən şikayətçi Nailə Məmmədova DƏDRX-in Bakı Ərazi İdarəsində onların sənədinin aylardır bir şöbədən digər şöbəyə ötürülərək, get-gələ salındıqlarını vurğulayır.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Tapdıq Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB