Prezident İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılış mərasimində iştirak edib

Prezident İlham Əliyev XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılış mərasimində iştirak edib

İyunun 7-də Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlayıb.

SİA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev açılış mərasimində nitq söyləyib. Sonra ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edərək Bakının gündən-günə gözəlləşdiyini və burada olmağından məmnunluğunu bildirib. R.Morninqstar ABŞ Prezidenti Barak Obamanın XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxuyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolin Braun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun tədbirin iştirakçılarına təbrikini çatdırıb.

Qonaqları salamlayan Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın neft, qaz sərgi konfransı iştirakçılarına təbrik məktubunu oxuyub.

"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbədən məmnunluğunu bildirən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger bu zəfər münasibətilə Azərbaycanı təbrik edib. Bu gün Almaniya-Azərbaycan futbol oyununun keçiriləcəyini xatırladan komissar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın tək musiqi və yaxud futbolla məhdudlaşmadığını qeyd edib. Hər iki tərəfin energetika sahəsində əməkdaşlıq etdiyini deyən Ottinger bu istiqamətdə Azərbaycanın mühüm rolunu diqqətə çatdırıb.

Daha sonra Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun tədbir iştirakçılarına müraciəti oxunub.

Sərgidə iştirakdan məmnun olduğunu deyən Norveç Krallığının Vəlihədi Hookon Norveç ilə Azərbaycanın zəngin neft ehtiyatlarına malik olduğunu qeyd edərək Dövlət Neft Şirkəti ilə Statoil-un uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. "Cənub" qaz dəhlizində Azərbaycanın xüsusi rolunu diqqətə çatdıran Hookon ölkəmizdə neft hasilatının qədim tarixə malik olduğunu vurğulayaraq, neftdən əldə olunan gəlirlərin idarə olunmasında şəffaflıq və uzunmüddətlilik siyasətinin həyata keçirilməsinin vacibliyini bildirib.

Sonra Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Xəzər bölgəsi neftinin Avropa və dünya bazarlarına çıxarılmasında şaxələndirmənin önəmini qeyd edən Aleksandr Xetaquri bu istiqamətdə əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.

Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.

Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi-konfransın işinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня