TRT kanalının Bakı təmsilçiliyinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində "TRT Bakı Nümayəndəliyi 10 yaşında" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Türkiyə Radio-Televiziya Qurumu (TRT) Bakı təmsilçiliyinin rəhbəri Yüksəl Dəyərcan (Yüksel Değercan) bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən Bakıya TRT-nin çoxlu sayda müxbiri gəlib, xəbərlər, proqramlar hazırlayıblar. O, qeyd edib ki, Qarabağ müharibəsinin aktiv getdiyi dövrdə TRT-nin müxbirləri döyüşlərdən reportajlar hazırlayıblar və Xocalı qətliamına dair dünyaya ilk səs salan telekanallardan biri məhz TRT olub: "Ötən 10 il ərzində Azərbaycandan təxminən 8-10 min arası xəbər, 600-dən çox 30 dəqiqəlik proqramlar hazırlamışıq. İlk vaxtlarda hər həftə 30 dəqiqəlik 3-4 proqram yayımlayırdıq. Son dövrlərdə bu temp bir az zəifləyib və həftəlik proqramlar hazırlayırıq. 10 il içərisində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, sənəti, üzləşdiyi çətinliklər, faciəli günləri haqqında minlərlə proqramlar hazırlanıb. Amma hesab edirəm ki, bunlar yenə də azdır. Türkiyə-Azərbaycan dostluğunun genişlənməsi üçün hər iki ölkədə telekanallarının üzərinə böyük iş düşür".
TRT Bakı Nümayəndəliyi haqqında film təqdim edildikdən sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iki ölkə arasında media sahəsində də əməkdaşlığın vacib olduğunu vurğulayıb: "Ötən 10 ildə TRT Bakı təmsilçiliyi Azərbaycanın səsi olub, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Bu kanalda Azərbaycan həqiqətlərinə həsr olunmuş onlarla sənədli filmlər hazırlanıb. TRT Bakı təmsilçiliyi bundan sonra da Azərbaycan xalqına xidmət edəcək, Azərbaycanın bir qurumu kimi fəaliyyətini davam etdirəcək". Daha sonra tədbir iştirakçıları çıxış edərək TRT Bakı Nümayəndəliyinə 10 yaşı münasibəti ilə təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB