“Ölkə başçısı Azərbaycanın türk, Qafqaz və İslam dünyasının bir parçası olduğunu vurğuladı” -ŞƏRH
“Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir. Yəni din dövlətdən ayrıdır:
” Lakin bu o demək deyil ki, dövlət olaraq Azərbaycan dini birmənalı şəkildə inkar edir, onu yox sayır. Əksinə, ölkəmiz dünyanın dini motivli münaqişələrindən uzaq, məzhəb mübarizəsinin getmədiyi nadir ölkələrdəndir. Hətta müxtəlif dinlərə və onların məzhəblərinə inanan insanlar azad və sülh şəraitində yaşaya bilirlər. Yenə təsadüf deyil ki, ölkəmiz bunu dövlət siyasətinin bir parçası edib.
Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Bilirəm ki, bizim tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər. Onları xüsusilə salamlayıram. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərindən başqa, bu gün Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının nümayəndələri, xüsusilə Dağıstandan, Çeçenistandan olan dini rəhbərlər iştirak edirlər. Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir”.
Bu detal çox mühümdür. Ölkə başçısı əslində üç xəttə vurğu edir:
1. Azərbaycanın Türk dünyasının bir parçası olması;
2. Azərbaycanın Qafqaz ölkəsi olması;
3. İslam coğrafiyasının bir parçası olması.
Əslində, bu, Azərbaycanın üçrəngli bayrağı və onun simvolikası ilə çox bənzərdir.
Müasir geosiyasi vəziyyətdə ölkələrin liderlik ambisiyaları, əslində regional, subregional, dini və etnik faktorlarla özünü göstərir. Bakı isə açıq şəkildə konkret bir xətt üzrə özünü lider kimi göstərmək deyil, əksinə, üç xətt üzrə dini, etnik və regional əməkdaşlıq modeli qurur. Başqa cür desək, uzun illər dünyanın ən münaqişəli və riskli regionu sayılan Cənubi Qafqazda hərbi yolla sülhü gətirib, bu gün onu möhkəmləndirmək üçün əməkdaşlığı düşmənçiliyin önünə qoyan bir Azərbaycan var. Bundan başqa, dünyanın müxtəlif regionlarında dini və məzhəblərarası fərqlərə görə bir-birini öldürən, müharibə edən inanclı insanları dinc, əmin-amanlıq və sülh şəraitində öz ölkəsində uzlaşdıran bir Azərbaycan da var. Son olaraq, bir əsrə yaxın ayrı düşən, bir zamanlar xəyal olaraq görülən Mərkəzi Asiya, Anadolu və Cənubi Qafqazı, bir sözlə, Türk dünyasını bir araya gətirən Azərbaycan var.
Prezident İlham Əliyevin də dediyi kimi: “Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir”.
Prezidentin çıxışında Qafqaz Albaniyasına və onun qədim paytaxtı Qəbələyə xüsusi yer ayırması da, məncə, təsadüfi deyil. Dövlət başçısı vurğulayıb ki, qədim Qafqaz Albaniyası məhz Azərbaycanın ərazilərində mövcud olub və onun paytaxtı Qəbələ şəhəri olub. Bu fikirlə Azərbaycanın qədim dövlətçilik tarixinin konkret coğrafi mərkəzlərindən biri xatırladılır.
Qəbələnin bu kontekstdə qeyd olunması mühüm simvolik məna daşıyır. Çünki söhbət yalnız qədim şəhərin tarixindən getmir. Söhbət Azərbaycanın Qafqazdakı tarixi mövcudluğunun, bu coğrafiyada formalaşmış dövlətçilik və mədəniyyət ənənələrinin müasir dövrdə də aktuallığını qorumasından gedir. Başqa cür desək, Azərbaycan regional mövcudluğunu tarixi aspektdən əsaslandırır.
Qafqaz Albaniyasının tarixi Azərbaycanın keçmişinin mühüm səhifələrindən biridir. Bu irsin araşdırılması, qorunması və beynəlxalq ictimaiyyətə təqdim edilməsi ölkəmizin tarixi-mədəni zənginliyinin tanıdılması baxımından əhəmiyyətlidir.
Eyni zamanda, Qafqaz Albaniyasının tarixi yalnız bir dövlətin siyasi tarixindən ibarət deyil. Burada müxtəlif dini ənənələr, mədəni təsirlər və regional əlaqələr də öz əksini tapır. Tarixi araşdırmalardan görünür ki, məhz bu dövlətin ərazisində bu gün Azərbaycanda olduğu kimi, türk xalqları yaşayıb. Bundan başqa, xristian, müsəlman və musəvi dinlərinə inanan insanlar da olub.
Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan əsas məqam Azərbaycanın özünü yalnız bir kimlik çərçivəsində təqdim etməməsidir. Türk dünyası ilə bağlılıq, Qafqaz coğrafiyasına mənsubiyyət və İslam mədəniyyəti ilə əlaqələr ölkəmizin tarixi təcrübəsində və müasir dövlətçilik yanaşmasında bir araya gəlir.
Məhz bu baxımdan Qəbələdən Bakıya, qədim Qafqaz Albaniyasından müasir Türk Dövlətləri Təşkilatına və dini həmrəylik platformalarına uzanan xətt Azərbaycanın tarixi və müasir mövqeyini anlamaq üçün əhəmiyyətli məna daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB