“ATƏT-in Minsk Qrupu illərlə nəticə vermədi, Azərbaycan öz suverenliyini bərpa etdi” -DEPUTAT DANIŞDI

“ATƏT-in Minsk Qrupu illərlə nəticə vermədi, Azərbaycan öz suverenliyini bərpa etdi” -DEPUTAT DANIŞDI

“Qarabağ məsələsi Azərbaycan xalqının yaddaşında yalnız 30 illik işğal dövrü kimi deyil, böyük insan faciələri, məcburi köçkünlük, dağıdılmış şəhər və kəndlər, məhv edilmiş tarixi və dini abidələrlə bağlı ağır bir yaddaş kimi qalacaq”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Xocalı faciəsi isə bu faciələrin ən ağrılı səhifələrindən biridir:

” Biz bunları heç vaxt unutmamalıyıq və unutmayacağıq.
Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə nəzarət etdiyi illərdə yüz minlərlə insan öz doğma yurdlarından didərgin salındı. Yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Azərbaycan tərəfinin məlumatlarına görə, Qarabağda 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər məscidlər də donuzlar saxlanılaraq təhqir olundu. Bütün bunlar təkcə Azərbaycan xalqının deyil, beynəlxalq ictimaiyyətin də diqqətində olmalı olan məsələlər idi.
Burada əsas sual beynəlxalq təşkilatların fəaliyyətinə aiddir. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdi. Bu sənədlərdə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin sülh yolu ilə həlli ilə bağlı tələblər əks olunurdu. Lakin uzun illər ərzində həmin qətnamələrin icrasını təmin edən təsirli mexanizm olmadı.
ATƏT-in Minsk Qrupu çərçivəsində də uzun illər danışıqlar aparıldı. Amma bu proses münaqişənin yekun həllinə gətirib çıxarmadı.
2020-ci ildə Azərbaycan öz gücü ilə işğala son qoydrmaqla sonra proses yeni mərhələyə keçdi və 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etdi. Bundan sonra isə Avropa institutlarının Azərbaycana münasibəti yenidən ciddi müzakirə mövzusuna çevrildi. Məsələn, 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etmədi.
Təbii Ki, bu Azərbaycana qarşı nümayiş olunan ikili standartların göstəricisi idi. Burada söhbət ondan gedir ki, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Əgər ərazi bütövlüyü, suverenlik, insan hüquqları və dini-mədəni irsin qorunması universal prinsiplərdirsə, onlar siyasi maraqlardan asılı olaraq dəyişməməlidir.
İslamofobiya məsələsinə də məhz bu kontekstdə yanaşmaq lazımdır. Məscidlərin dağıdılması və dini abidələrə münasibət Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradıb. Hər hansı dini və ya mədəni irsin məhv edilməsinə münasibət universal olmalıdır. İnsan hüquqları və dini azadlıqlar haqqında danışan beynəlxalq institutlar bu məsələlərə də eyni həssaslıqla yanaşmalıdırlar.
Avropa Parlamentinin ayrı-ayrı qərarları və bəzi deputatların Azərbaycana münasibəti ölkəmizdə haqlı suallar doğurur. Dövlət başçısının Avropa Parlamentinin fəaliyyəti ilə bağlı sərt fikirləri də məhz bu siyasi yanaşmaya verilən qiymətdir. Avropa parlamenti rüşvətxorlar yuvasıdır. Orda oturan deputatlar xüsusi sifarişlərlə qərarlar qəbul edirlər. Beynəlxalq hüquq isə ancaq müəyyən maraqların girovuna çevrilib.
Azərbaycan bu gün artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Qarabağda yeni quruculuq mərhələsi başlayıb. İndi əsas vəzifələrdən biri həm tarixi həqiqətləri dünyaya çatdırmaq, həm də gələcək nəsillərə bu hadisələrin mahiyyətini düzgün izah etməkdir.
Türk dünyasının və İslam dünyasının həmrəyliyi, qarşılıqlı əməkdaşlığı və birgə mövqeyi də bu baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın təcrübəsi göstərir ki, milli birlik, güclü dövlətçilik və prinsipial mövqe mühüm əhəmiyyət kəsb edir.
Biz Xocalını, 30 illik işğalın ağır nəticələrini, doğma yurdlarından didərgin salınmış insanların taleyini və dağıdılmış dini-mədəni irsimizi unutmamalıyıq. Çünki tarix yalnız keçmişi xatırlamaq üçün deyil, gələcəkdə eyni faciələrin təkrarlanmaması üçün öyrənilir.
Ən vacib mesaj isə budur: beynəlxalq hüquq həqiqətən universal olacaqsa, onun prinsipləri bütün dövlətlərə və bütün xalqlara eyni şəkildə tətbiq edilməlidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə