“Bakı fərqli qütbləri eyni masa ətrafında birləşdirən dialoq məkanına çevrilir” -DEPUTAT DANIŞDI

“Bakı fərqli qütbləri eyni masa ətrafında birləşdirən dialoq məkanına çevrilir” -DEPUTAT DANIŞDI

“Bakı son illərdə müxtəlif siyasi baxışların, mədəniyyətlərin, dinlərin və beynəlxalq təşkilatların bir araya gəldiyi mühüm platformalardan birinə çevrilib”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan öz coğrafi mövqeyini beynəlxalq dialoq üçün siyasi və humanitar üstünlüyə çevirməyi bacarıb:

” Bu prosesin təməlində 2008-ci ildə formalaşdırılan Bakı Prosesi dayanır. Təşəbbüs müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək məqsədi daşıyırdı. Sonrakı illərdə Bakı Prosesi qlobal mədəniyyətlərarası dialoq platformasına çevrildi. Bu xəttin davamı kimi Bakıda müxtəlif illərdə humanitar, dini, mədəni, siyasi, iqlim və şəhərsalma mövzularında çoxsaylı beynəlxalq tədbirlər keçirilib.
2011-ci ildə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bu istiqamətdə mühüm mərhələlərdən biri oldu. İlk forumda 20-dən çox ölkədən və beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirdisə, növbəti illərdə bu rəqəm artıq 60-dan çox ölkədən təxminən 500 iştirakçıya çatdı. Burada dövlət nümayəndələri ilə yanaşı alimlər, ziyalılar, mədəniyyət xadimləri, media və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə diplomatik dialoq daha geniş humanitar müstəvidə aparılır.
Azərbaycanın beynəlxalq tədbirlər siyasətində mədəniyyətlərarası dialoq xüsusi yer tutur. 2011-ci ildən etibarən Bakıda keçrilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları da sülh, tolerantlıq və xalqlar arasında anlaşmanın təşviqi baxımından mühüm platforma kimi qəbul olunur. Bu mənada Bakı Prosesi Azərbaycanın beynəlxalq imicində yeni bir istiqamət formalaşdırdı. Bakı fərqli mədəniyyətlərin bir-birini dinlədiyi məkan kimi təqdim olunmağa başladı.
2019-cu il Azərbaycanın beynəlxalq tədbirlər diplomatiyasında xüsusi yer tutur. Belə ki, həmin il Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirildi. Tədbirdə 120 üzv dövləti olan Hərəkatın rəhbərləri və nümayəndələri, ümumilikdə isə təxminən 160 ölkə və beynəlxalq təşkilat təmsil olunurdu. Azərbaycan 2019–2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Bu hadisənin siyasi əhəmiyyəti ondan ibarət idi ki, Bakı burada müxtəlif siyasi mövqelərə malik dövlətlərin bir araya gəldiyi çoxtərəfli diplomatik platformaya çevrildi. COVID-19 pandemiyası zamanı da Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu formatında sammit təşəbbüsü irəli sürdü və bu toplantıda BMT, ÜST və digər beynəlxalq qurumların nümayəndələri iştirak etdilər.
Dünya Dini Liderlərinin II Sammiti isə dinlərarası dialoq, dini ayrı-seçkiliyə və ekstremizmə qarşı əməkdaşlıq platforması idi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Bakı Qlobal Forumu da illər ərzində dövlət və hökumət başçılarını, sabiq liderləri, beynəlxalq təşkilatların rəhbərlərini, alimləri və ekspertləri bir araya gətirir. Burada diqqətçəkən məqam budur ki, Bakıdakı beynəlxalq toplantıların mövzuları zaman keçdikcə dəyişsə də, onların ümumi xəttində dialoq, əməkdaşlıq və parçalanmış mövqelər arasında əlaqə yaratmaq ideyası dəyişmir.
2024-cü ilin noyabrında Azərbaycan paytaxtı daha bir nəhəng beynəlxalq tədbirin – BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransının (COP29) ünvanına çevrildi. Bakı COP Azərbaycanın beynəlxalq tədbirlər xəritəsində yeni bir səhifə açdı. Çünki burada məsələ yalnız Azərbaycanın regiondakı rolu deyil, bütün planet üçün ortaq olan iqlim probleminin müzakirəsi idi. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi eyni zamanda ölkəni inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyəsi, enerji keçidi və dayanıqlı inkişaf mövzularında dialoqun mərkəzinə çıxardı. İlqim maliyyəsiilə fundamental qərarlar qəbul edildi.
2026-cı ilin mayında isə Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası – WUF13 keçirildi. İştirakçıların sayı təxminən 60 minə çatdı və WUF13 tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi təqdim edildi. Bu rəqəmlər Bakının beynəlxalq tədbirlər xəritəsindəki miqyasının necə böyüdüyünü göstərən mühüm göstəricidir.
Bu gün dünyada siyasi parçalanmanın, müharibələrin, iqlim böhranının, miqrasiyanın, dini və mədəni qarşıdurmaların dərinləşdiyi bir vaxtda dialoq məkanlarının əhəmiyyəti artır. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin xronikası göstərir ki, Bakı fərqli qütblərin nümayəndələrini eyni masa ətrafında toplamaqla prosesə töhfə verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə