"Diplomatik səfərlər Azərbaycanın postmünaqişə reallıqlarını dünyaya təqdim edir" - MİLLƏT VƏKİLİ

"Diplomatik səfərlər Azərbaycanın postmünaqişə reallıqlarını dünyaya təqdim edir" - MİLLƏT VƏKİLİ

"Diplomatik korpus nümayəndələrinin sayca 22-ci olan bu səfəri Prezident İlham Əliyevin sülh diplomatiyasının və postmünaqişə dövründə Azərbaycanın formalaşdırdığı yeni reallıqların beynəlxalq müstəvidə təqdimatı siyasətinin mühüm elementi kimi qiymətləndirmək olar. Burada əsas məsələ yalnız görülən işləri nümayiş etdirmək deyil; Azərbaycanın yaratdığı reallıqların diplomatik korpus tərəfindən birbaşa yerində müşahidə olunmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, bu prosesi 2020-ci ildən sonrakı Azərbaycan diplomatiyasının üç mərhələli modeli kimi də təqdim etmək olar:

"Birinci mərhələ – müharibə və informasiya diplomatiyası:

Azərbaycan beynəlxalq ictimaiyyətə müharibənin səbəblərini, hüquqi-siyasi mövqeyini və öz arqumentlərini birbaşa çatdırdı.

İkinci mərhələ – suverenliyin bərpası və yeni reallığın formalaşdırılması:

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.

Üçüncü mərhələ – postmünaqişə sülh və inkişaf diplomatiyası:

Azərbaycan indi həmin reallığın nəticələrini – bərpa, qayıdış, inkişaf və regional əməkdaşlıq gündəliyini beynəlxalq aləmə təqdim edir.

Bugünkü diplomatik səfər məhz üçüncü mərhələnin mühüm nümunəsidir.

1. “Müharibədən sonra nə baş verdi?” sualına Azərbaycanın real cavabı yerində təqdim olunur.

2020-ci ildən sonra Azərbaycanın diplomatik xəttinin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Qarabağ məsələsi yalnız hərbi nəticə və ərazi bütövlüyünün bərpası kontekstində təqdim edilmir. Azərbaycan paralel olaraq göstərir ki, müharibədən sonrakı mərhələdə yeni həyat, yeni iqtisadiyyat, yeni infrastruktur və yeni idarəetmə modeli qurulur.

58 ölkə və 9 beynəlxalq təşkilatdan təxminən 150 nümayəndənin iştirakı ilə keçirilən budəfəki səfər məhz bu baxımdan əhəmiyyətlidir.

Diplomatların Xankəndi, Xocalı, Şuşa, Ağdərə və Kəlbəcərdə layihələri yerində görməsi Azərbaycanın postmünaqişə siyasətinin praktiki nəticələrinin beynəlxalq auditoriyaya çatdırılmasıdır.

2. Prezident İlham Əliyevin idarəçilik strategiyasının uğurları

Prezident İlham Əliyevin postmünaqişə siyasi kursunun və diplomatiyasının əsas xüsusiyyətlərindən biri diplomatik təşəbbüslərin yerdə formalaşdırılan reallıqlarla tamamlanmasıdır.

2020-ci il Vətən müharibəsi və 2023-cü lokal xarakterli antiterror tədbirləri nəticəsində:

ərazi bütövlüyünü və suverenliyini bərpa etdi;

Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizlik və idarəetmə sistemini formalaşdırdı;

genişmiqyaslı yol, enerji, kommunikasiya və sosial infrastruktur layihələri həyata keçirdi;

keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yerlərinə qayıdışını təmin etməyə başladı;

şəhər və kəndlərin yeni konsepsiyalar əsasında qurulmasına keçdi;

tarixi və mədəni irsin bərpasını dövlət siyasətinin mühüm istiqamətinə çevirdi.

Beləliklə, bu səfər həm də postmünaqişə reallığını nümayiş etdirən diplomatik fəaliyyətdir.

3. 22-ci səfərin xüsusi siyasi-diplomatik mesajı

2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə artıq 22-ci səfərinin təşkil olunması təsadüfi deyil.

Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə təşkil olunan səfərlər ardıcıl şəkildə həyata keçirilməklə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir:

Qarabağda baş verən dəyişiklik birdəfəlik hadisə deyil, davamlı və sistemli dövlət quruculuğu prosesidir.

Diplomatların müxtəlif vaxtlarda həmin ərazilərə aparılması həm də Azərbaycanın şəffaflıq siyasətinin göstəricisidir. Xarici nümayəndələr müxtəlif rayonları, yaşayış məntəqələrini, infrastruktur obyektlərini, mədəni irs nümunələrini və qayıdış prosesini öz gözləri ilə müşahidə edə bilirlər.

Bu, informasiya diplomatiyası baxımından çox mühüm üstünlük yaradır: məlumatın vasitəçilərdən deyil, birbaşa mənbədən alınması.

4. Xankəndi və Şuşanın nümayiş etdirilməsinin xüsusi simvolikası var

Səfərin marşrutunda Xankəndi və Şuşanın olması xüsusilə diqqətçəkəndir.

Çünki bu ərazilər uzun illər ərzində beynəlxalq informasiya məkanında münaqişənin ən həssas və ağrılı mövzuları sırasında olub.

Bu gün həmin məkanların diplomatlara yeni həyatın, quruculuğun və gələcəyə baxışın nümunəsi kimi təqdim edilməsi Azərbaycanın postmünaqişə narrativinin dəyişdiyini göstərir.

Yəni siyasi diskurs:

“münaqişə və qarşıdurma”

mövzusundan

“bərpa, reinteqrasiya, inkişaf və sülh”

mövzusuna keçirilir.

Bu, yumşaq güc və informasiya diplomatiyası baxımından ciddi nailiyyətdir.

Azərbaycan artıq işğaldan azad etdiyi ərazilərimizdəki reallığı sadəcə izah etmir – onu beynəlxalq ictimaiyyətə göstərir. Müharibədən sonrakı diplomatiyanın əsas gücü də məhz budur: yaradılmış reallığı sülh, inkişaf və əməkdaşlıq gündəliyinə çevirmək və onu təqdim etmək.

Hazırlanmış səfər proqramı əhatəliliyi və peşəkarlığı ilə diqqəti cəlb edirdi. Burada dövlət başçısının tapşırığına uyğun olaraq sistemli, professional, məqsədyönlü fəaliyyət aparılır. Artıq 22-ci səfərin təşkil olunması bunu əyani təsdiq edir. Bu səfərlər zamanı əcnəbi diplomatların gördükləri yenidənqurma və bərpa işləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyatı yenidən canlandırması barədə məlumatları öz paytaxtlarına təqdim etməsi çox müsbət hadisədir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə