Yeni müharibə ocağı yaranır - TƏHLİL

Yeni müharibə ocağı yaranır - TƏHLİL

Almaniya ilə Rusiya arasında gərginlik artmaqda davam edir. Almaniya Rusiyanın hava məkanını pozub, ölkə daxilində gərgin anlar yaşatmasından sonra rəsmi Moskva ilə hədə dililə danışmağa başlayıb. Mertz hökuməti Rusiyanın ölkə daxilindəki bir sıra nümayəndəliklərinin bağlanmasına qərar verib. Məhz bundan sonra Rusiyanın xarici işlər naziri S.Lavrov Almaniyanın hərəkətlərini müharibə təhriki kimi qiymətləndirib. Onu da bildirib ki, Almaniyanın Rusiyanın diplomatik nümayəndəliklərini bağlaması İkinci Dünya müharibəsindən əvvəlki hadisələrin təkrarıdır. S.Lavrov Berlinin "yenidən müharibə istədiyini" və tarixdən dərs çıxarmadığını iddia edərək, Rusiya rəhbərliyinin buna uyğun nəticələr çıxaracağını vurğulayıb: "Leypsiq, aeroport... Hansısa PUA tapıblar. Heç bir araşdırma aparılmadan bunun Rusiya dronu olduğunu bildirdilər. Bu, əslində, böyük mənada əsl müharibənin başlanğıcıdır. Bəzi müasir siyasi xadimlər tezliklə Avropa siyasətinin zirvəsindən "süpürülüb atılacaqlar".

Tərəflər arasında gərginliyin artması onu deməyə əsas verir ki, çox yaxın zamanlarda Almaniya ilə Rusiya arasında qanlı müharibə başlaya bilər. Bu müharibədə Almaniyanın üstün ola biləcəyi açıq görünür. Çünki İkinci Dünya müharibəsindən fərqli olaraq bu dəfə Rusiyaya hər sahədə dəstək verən Qafqaz, Orta Asiya, Pribaltika respublikaları yoxdur. İkincisi, Ukrayna Rusiyanın əsas resurslarını sıradan çıxarıb. Üçüncüsü, Almaniya NATO-nun üzvüdür. Məhz üçüncü amil Rusiyanın vəziyyətinin ağır olacağını deməyə əsas verir. Çünki müharibə başlasa, NATO Almaniya ilə birlikdə Moskvaya hücumda iştirak edəcək. Düzdür, bu vəziyyətin dünya üçün arzuolunmaz nəticələr verəcəyi şübhə doğurmur. Ən azı ona görə ki, Rusiya nüvə silahına malikdir. Hər məqamda Rusiya rəhbərliyi, xüsusilə də prezident Putin dünyanı nüvə silahı ilə təhdid edir. Bu baxımdan, NATO əsgərləri Kreml divarları önündə görünəcəyi halda Putin nüvə silahından istifadə edəcək. Bununla da təbii olaraq bəşəriyyət fəlakətlə üzləşəcək.

Nüvə silahı ilə təhdid Almaniyanı çəkindirmir

Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiyanın nüvə silahı ilə Avropanı, xüsusilə də Almaniyanı hədələməsi nəticə vermir. Qoca qitə təmsilçiləri hikkəli və iddialı addımlarını atır, çıxışlarını edirlər. Bununla yanaşı, Almaniya ən müasir silah-sursatı, hərbi texnikanı Ukraynaya ixrac etməkdədir. Eyni zamanda, Almaniya Ukraynaya əsgəri yardımlar etməyi də planlaşdırır. İddialara görə, Almaniya ilkin olaraq 50 minlik hərbçini Ukraynaya göndərməyi nəzərdə tutur. Bununla bağlı ölkənin bundestaqında müzakirələr təşkil edilir. Qərar müsbət olarsa, ən azı noyabrın birinci ongünlüyünə qədər Almaniya ordusu Rusiya-Ukrayna cəbhəsində olacaq. Hələlik isə Almaniya Ukrayna vətəndaşlarına təlimlər təşkil edir. Almaniyanın xarici işlər naziri Yohann Vadeful hesab edir ki, Almaniya hökuməti Ukraynaya hazırda ölkədə olan hərbi xidmət yaşına çatmış kişilərin repatriasiyasına kömək edəcəklər və bütün bunları "məcburiyyət olmadan" edəcəklər. Bu barədə Yohann Vadeful "Bild"ə verdiyi müsahibədə bildirib.

Almaniya nasistləri müharibənin genişlənməsində maraqlı görünürlər

Məlum faktdır Almaniyada nasistlər fəaldırlar və onlar tədricən ölkənin siyasi hakimiyyətinə nüfuz etməyə başlayıblar. Bu günlər, yəni sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt əyalətində parlament (Landtaq) seçkilərində nasistlərin əsas təşkilatı olan Almaniya üçün Alternativ (AfD) partiyasının böyük fərqlə qələbə qazanması Mertz hakimiyyətinin sonuna az qaldığını deməyə əsas verir. Bu nəticə Mertz iqtidarını Almaniya üçün Alternativ (AfD) partiyasından gələn istənilən təklifi, ideyanı qəbul etməyə məcbur edir.

Onu vurğulamaq lazımdır ki, 2023-cü ildə Almaniya üçün Alternativ (AfD) partiyası ölkədəki ukraynalıların qovulmasını təklif və təkid edirdilər. O zaman istər Şolts, sonradan Mertz iqtidarı nasistlərdən gələn təklifi qətiyyətlə rədd etmişdirlər. Lakin zaman dəyişib, nasist hərəkatı Almaniya üçün Alternativ (AfD) partiyası mövqelərini möhkəmləndirdikdən sonra Mertz rədd etdiyi təklifə boyun əyməyə məcbur olub. Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful jurnalistlərə açıqlamasında təsdiq edib Yohann Vadeful Almaniya üçün Alternativ partiyasının Almaniyada olan hərbi xidmət yaşına çatmış ukraynalı kişilərin Ukraynaya qayıtması tələbi ilə razılaşdıqlarını söyləyib: "Berlin bu kişilərin qeydiyyat məlumatlarından istifadə edib Ukrayna ilə paylaşa bilər. Axı, burada kimin yaşadığı, məsələn, kimin sosial müavinət aldığı və ya kimin burada qeydiyyatda olduğu və yaşayış statusuna malik olduğu məlumdur".

Yohann Vadeful əlavə edib ki, bu məlumatlara əsasən Ukrayna hökuməti Almaniyadakı kişilərə onları geri qayıtmağa çağıran məktublar göndərə bilər: "İnanıram ki, bu məsələ qaldırıla bilər və qaldırılmalıdır".

Onu qeyd etmək lazımdır ki, Avropa Birliyi ukraynalılar üçün müvəqqəti qorumanı 4 mart 2028-ci ilə qədər uzadıb və yeni bir müddəa tətbiq edib ki, hərbi xidmətə çağırılan yeni gələn Ukrayna vətəndaşları yalnız hərbi qeydiyyat sənədləri ilə bağlı heç bir problem olmadıqda status almaq hüququna malik olacaqlar. Bu qərarı Mertz hakimiyyəti nəzərə almaq və yerinə yetirmək fikrində deyil. Çünki nasistlərin təzyiqi altındadır. Həm də Rusiya ilə müharibə vəziyyətində olduğu bir məqamda F.Mertz əlavə daxili qarşıdurma yaranmasını arzu etmir. Yeni müharibənin yaranması isə qaçılmazdır. Bunu hər iki tərəf istəyir. Rusiya Ukraynaya hərbi, siyasi, maliyyə dəstəyi göstərən Avropanı cəzalandıracağına ümid edir, Almaniya isə tarixin qara ləkəsi olan İkinci Dünya müharibəsində üzləşdikləri təslimçilik aktının qisasını almağa çalışacaq. Hər halda vəziyyət belədir. Yaxın günlərdə isə, deyilənlərin, danışılanların nə dərəcə real addımlara söykəndiyi məlum olacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə