“Gücümüz birliyimizdədir!”

“Gücümüz birliyimizdədir!”

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev hesabat məruzəsi ilə çıxış edib. B.Mustafayev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranıb. O qeyd edib ki, YAP Mingəçevir şəhər təşkilatı ötən müddət ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, YAP yarandığı vaxtdan ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərərək dövlət müstəqilliyinin qorunmasına öz töhfələrini verib. Hazırda digər regionlarda olduğu kimi, Mingəçevir şəhərində də quruculuq işlərinin böyük vüsət aldığını deyən İ.İsmayılov bu prosesdə YAP Mingəçevir şəhər təşkilatının fəallarının da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, YAP bu günə qədər partiyamız şərəfli yol keçərək ölkəmizin ən güclü siyasi qüvvəsinə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır. Bu uğurlara həmrəyliyimiz və birliyimiz sayəsində nail oluruq. Dövlət başçısının qeyd etdiyi kimi, gücümüz birliyimizdədir”.

Partiya veteranı Cavanşir Yusubov və Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov çıxış ediblər. Çıxışlarda partiya ideologiyasının geniş ictimaiyyətə çatdırılması, vətəndaşlarla səmərəli ünsiyyətin qurulması, ictimai fəallığın artırılması və sağlam ictimai rəyin formalaşdırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs olunub.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından ötən dövr ərzində partiyanın Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində sistemli işlər həyata keçirilib. O qeyd edib ki, Heydər Əliyev ideyalarının və azərbaycançılıq məfkurəsinin təşviqi, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin və partiyanın dəyərlərinin təbliği daim diqqət mərkəzində saxlanılıb.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının VIII Qurultayına YAP Mingəçevir şəhər təşkilatından nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə