"Cənab Prezidentin Türk dünyasının möhkəmləndirilməsi, türk dövlətləri ilə münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasət artıq öz bəhrəsini verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana səfəri də göstərdi ki, Azərbaycanın bu siyasi kursu Türk dünyasında geniş dəstəklənir:
"Cənab Prezidentin və digər türk dövlətləri liderlərinin səyləri nəticəsində Türk dünyası artıq həm regionda, həm də beynəlxalq müstəvidə güclü siyasi faktora çevrilir. Bu birlik hər hansı üçüncü qüvvəyə qarşı yönəlməyib. Əksinə, Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Maraqlı məqamlardan biri də budur ki, Azərbaycan ictimaiyyətində bu proses böyük dəstək qazansa da, radikal müxalifət indiyədək Türk dünyasının birliyi, qardaş ölkələrlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə bağlı ciddi mövqe ortaya qoymayıb. Onları Türk dünyası faktoru maraqlandırmır, yoxsa bu məsələdə başqa yanaşmaları var – bunu cəmiyyət özü qiymətləndirir.
Eyni zamanda, istisna etmirəm ki, müəyyən müddətdən sonra həmin qüvvələr bu siyasətin əleyhinə çıxış edə və Azərbaycanın Türk dünyasındakı mövqelərinin güclənməsini deyil, ölkənin təcrid olunmasını özləri üçün prioritet hesab edə bilərlər.
Bu gün sıravi Azərbaycan vətəndaşı kimin onun milli maraqlarını qoruduğunu çox yaxşı anlayır. Cəmiyyət görür ki, Türk dünyasının birliyi təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir. Kimlərinsə bu proses qarşısında susması və məsələyə münasibət bildirməkdən yayınması isə əksinə, onların mövqeyinin cəmiyyət tərəfindən daha dərindən dərk edilməsinə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB