Vaşinqton görüşündən sonrakı proseslər
Bu gün Cənubi Qafqazda baş verən hadisələr artıq yalnız Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması ilə deyil, sülh prosesində ABŞ–Rusiya rəqabəti, Türkiyənin regional yüksəlişi, İranın təhlükəsizlik maraqları, Aİ-nin enerji və nəqliyyat siyasəti, Çinin Orta Dəhliz strategiyası və qlobal logistika sisteminin yenidən qurulması fonunda inkişaf edir. Regionda son illərdə baş verən proseslərə yalnız Ermənistan–Azərbaycan münaqişəsinin başa çatdırılması prizmasından baxmaq artıq kifayət etmir. Qarşıda duran əsas məsələ iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə yanaşı, bütövlükdə regionun geosiyasi və geoiqtisadi modelinin dəyişməsidir.
2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini ilkinləşdirdilər və birgə deklarasiya imzaladılar. Lakin 2026-cı ilin avqustuna olan vəziyyətə görə sənəd hələ yekun şəkildə imzalanaraq ratifikasiya olunmayıb. ABŞ-ın vasitəçilik etdiyi Vaşinqton prosesi bununla belə, əvvəlki Minsk formatından fərqli olaraq, sülh məsələsini birbaşa ABŞ-ın strateji və iqtisadi maraqları ilə birləşdirib. Bu dəyişiklik Cənubi Qafqazı Rusiya ilə Qərb arasında sadəcə siyasi rəqabət meydanı olmaqdan çıxarıb, onu Avropa–Asiya nəqliyyat, enerji, rəqəmsal infrastruktur və təhlükəsizlik şəbəkələrinin kəsişmə nöqtəsinə çevirir.
Başqa sözlə, regionda yeni formul meydana çıxır: sülh + nəqliyyat dəhlizləri + enerji təhlükəsizliyi + investisiya + geosiyasi təsir. Bu formulun mərkəzində isə Ermənistan–Azərbaycan münasibətləri və xüsusilə TRIPP – Zəngəzur dəhlizi layihəsi dayanır.
Ermənistan və Azərbaycan arasında sülh prosesində ən mühüm irəliləyiş 2025-ci ilin martında sülh sazişinin mətninin razılaşdırılması, avqustda isə Vaşinqtonda ilkinləşdirilməsi oldu. Sazişin siyasi məntiqi qarşılıqlı olaraq suverenliyin tanınması, ərazi bütövlüyünə hörmət, dövlət sərhədlərinin toxunulmazlığı, gücdən istifadə və güc tətbiqi hədəsinin rədd edilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prinsipləri üzərində qurulur.
Bu, əslində, 1990-cı illərdən bəri davam edən münaqişənin ideoloji çərçivəsindən çıxaraq, münasibətləri iki suveren dövlət arasında klassik dövlətlərarası münasibətlər sisteminə keçirmək cəhdidir. Lakin sülh prosesinin qarşısında hələ də mühüm siyasi-hüquqi maneələr qalır. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların aradan qaldırılmasıdır. 2026-cı ilin iyulunda Azərbaycan rəsmiləri bildirirdilər ki, Bakı bunu yekun sülh sazişinin imzalanması üçün əsas məsələlərdən biri hesab edir. Ermənistan isə konstitusiya dəyişiklikləri istiqamətində referendum perspektivini müzakirə edir.
Burada mühüm paradoks yaranır. Bir tərəfdən, tərəflər arasında praktiki sülh formalaşır. Birbaşa təmaslar, iqtisadi münasibətlər və müəyyən ticarət əlaqələri genişlənir. Digər tərəfdən, hüquqi sülhün institusionallaşdırılması hələ tamamlanmayıb. Bu fərq vacibdir. Çünki müasir beynəlxalq münasibətlərdə münaqişənin olmaması avtomatik olaraq davamlı sülh demək deyil. Davamlı sülh üçün siyasi razılaşma, hüquqi təsbit, iqtisadi qarşılıqlı asılılıq lazımdır. Cənubi Qafqaz hazırda birinci və üçüncü mərhələlərdə sürətlə irəliləsə də, ikinci mərhələdə – yekun imza və ratifikasiya prosesində – hələ müəyyən maneələrlə üzləşir.
ABŞ vasitəçiliyi: Vaşinqton nə üçün Cənubi Qafqaza qayıtdı?
ABŞ-ın Cənubi Qafqazda fəallaşmasını yalnız humanitar və ya diplomatik vasitəçiliklə izah etmək düzgün olmaz. Vaşinqtonun maraqları daha genişdir. Birinci amil – Rusiya faktorudur. Rusiya uzun illər Ermənistan–Azərbaycan münasibətlərində əsas təhlükəsizlik və vasitəçilik gücü olub. 2020-ci il müharibəsindən sonra Rusiya sülhməramlı kontingent yerləşdirdi və 2020-ci il üçtərəfli bəyanatında regiondakı nəqliyyat kommunikasiyalarına dair mühüm mexanizmlər formalaşdı.
Lakin Ukrayna müharibəsi Rusiyanın Cənubi Qafqazdakı imkanlarını zəiflətdi. Ermənistanın Moskva ilə münasibətlərinin pisləşməsi və İrəvanın Qərblə əlaqələrini sürətlə genişləndirməsi də bu prosesi gücləndirdi. 2026-cı ildə Ermənistan–Rusiya münasibətlərindəki gərginliyin daxili siyasi müstəviyə qədər genişlənməsi Moskvanın əvvəlki təsir modelinin zəiflədiyini göstərən amillərdən biridir.
İkinci amil – İran. ABŞ üçün Cənubi Qafqaz İranın şimal sərhədlərinə yaxın mühüm geosiyasi məkandır. Əgər Azərbaycan–Naxçıvan–Türkiyə bağlantısı Ermənistan üzərindən qurularsa, regionda İran ərazisindən keçməyən yeni Şərq–Qərb nəqliyyat xətti yaranacaq. Bu, ABŞ üçün Rusiya və İran ərazisindən asılılığın azalması, Mərkəzi Asiya ilə Qərb arasında alternativ əlaqələrin güclənməsi kimi iki üstünlük yaradır.
Üçüncü amil – Çin və Mərkəzi Asiya
ABŞ üçün məsələ yalnız Cənubi Qafqaz deyil. Azərbaycan vasitəsilə Xəzər dənizinə, oradan Mərkəzi Asiyaya çıxış ABŞ-ın Çinlə rəqabət apardığı daha böyük Avrasiya məkanının bir hissəsidir. Bu baxımdan TRIPP yalnız Azərbaycanla Ermənistanı birləşdirən regional layihə deyil. O, Orta Dəhlizin daha geniş sisteminə inteqrasiya edilə biləcək strateji infrastrukturdur.
Vaşinqton prosesinin ən maraqlı və ən mübahisəli hissəsi TRIPP layihəsidir. Ermənistan–ABŞ arasında 2026-cı ilin mayında imzalanmış çərçivə sazişi TRIPP-in Ermənistan ərazisində, lakin Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyini açıq şəkildə vurğulayır. Ermənistan hökuməti iyul ayında sazişin ratifikasiyası prosesini başladıb. Bu məqam prinsipial əhəmiyyət daşıyır.
Azərbaycanın əsas strateji məqsədi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında etibarlı və maneəsiz bağlantıdır. Ermənistan üçün isə əsas məsələ odur ki, bu bağlantı ekstraterritorial dəhliz formasına çevrilməsin və Ermənistan öz ərazisi üzərində suveren nəzarətini saxlasın. ABŞ üçün isə əsas məsələ regional bağlantının iqtisadi və siyasi baxımdan işlək hala gətirilməsidir.
Beləliklə, üç tərəfin məqsədləri tam eyni deyil: Azərbaycan Naxçıvanla birbaşa, etibarlı bağlantı, Ermənistan suverenliyin qorunması və iqtisadi açılım, ABŞ regional inteqrasiya və geosiyasi təsirin artırılması kimi maraqları dəyişməzdir. Bu fərqlər düzgün idarə olunarsa, ziddiyyət deyil, qarşılıqlı maraq yarada bilər. Əslində TRIPP-in ən böyük potensialı da bundadır: Azərbaycan üçün bağlantı, Ermənistan üçün iqtisadi açılım, ABŞ üçün strateji iştirak.
Türkiyə: sülh prosesinin əsas aktorlarından biri
Cənubi Qafqazda Türkiyənin rolunu ABŞ və Rusiya ilə müqayisədə fərqli qiymətləndirmək lazımdır. Türkiyə regionda həm Azərbaycanla strateji müttəfiq, NATO üzvü, Avropa ilə Asiya arasında tranzit ölkə, Ermənistanla normallaşma prosesinin potensial iştirakçısı, Orta Dəhlizin əsas qərb halqasıdır. Bu səbəbdən Ankara üçün Ermənistan–Azərbaycan sülhü yalnız diplomatik məsələ deyil, həm də Türkiyənin regional iqtisadi modelinin bir hissəsidir.
2026-cı ilin mayında Türkiyə Ermənistanla birbaşa ticarətə dair mühüm məhdudiyyəti aradan qaldırıb. Bu addım iki ölkə arasında daha geniş normallaşma və sərhədin gələcəkdə açılması perspektivini gücləndirib. Əgər Azərbaycan–Ermənistan sülhü + Ermənistan–Türkiyə normallaşması + TRIPP + Bakı–Tbilisi–Qars xətti eyni vaxtda inkişaf edərsə, Cənubi Qafqazın iqtisadi xəritəsi əsaslı şəkildə dəyişə bilər. Türkiyə belə bir sistemdə yalnız tranzit ölkə deyil, Orta Dəhlizin Avropaya çıxış qapısı rolunu daha da gücləndirər.
Avropa İttifaqı: vasitəçilikdən iqtisadi inteqrasiyaya
Avropa İttifaqının Cənubi Qafqaz siyasətində maraqlı dəyişiklik baş verir. Əvvəlki mərhələdə Aİ əsasən siyasi vasitəçilik və sərhəd təhlükəsizliyi üzərində dayanırdı. İndi isə prioritetlərə nəqliyyat, enerji, rəqəmsal bağlantı, investisiya, mina təmizlənməsi, iqtisadi inteqrasiya əlavə olunub. 2026-cı ilin mayında Aİ ilə Ermənistan arasında ilk sammit keçirildi. Aİ Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını və sülh sazişinin imzalanmasını dəstəklədiyini bildirdi. Eyni zamanda Aİ Ermənistanla enerji, nəqliyyat və rəqəmsal bağlantı layihələrini genişləndirməyə çalışır.
Azərbaycanla münasibətlərdə də Aİ Orta Dəhlizə xüsusi əhəmiyyət verir. 2026-cı ilin martında Aİ Azərbaycanla nəqliyyat, enerji və təhlükəsizlik əməkdaşlığını genişləndirməklə yanaşı, Orta Dəhliz və TRIPP-in inkişafını dəstəklədiyini vurğulayıb. Burada Aİ-nin strateji hesablaması aydındır, yəni Rusiya üzərindən keçən Şimal Dəhlizinə alternativ yaratmaq. Bu, Ukrayna müharibəsindən sonra daha da vacib olub. Aİ üçün Cənubi Qafqaz yalnız “sülh regionu” deyil, həm də Avropanın Asiya ilə əlaqəsini diversifikasiya edən logistika platformasıdır.
Rusiya: təsir imkanları azalsa da, oyun bitməyib
Cənubi Qafqazda Rusiyanın əvvəlki monopolist mövqeyi xeyli zəifləyib. Lakin “Rusiya regiondan çıxıb” nəticəsinə gəlmək də səhv olardı. Moskvanın hələ də bir sıra mühüm alətləri var. Məsələn, Ermənistanla tarixi və institusional əlaqələr, Rusiya–Ermənistan iqtisadi münasibətləri, Rusiya ərazisində böyük erməni diasporu, Azərbaycan və Ermənistanla diplomatik kanallar, Gürcüstanın separatçı regionları ilə bağlı hərbi-siyasi mövcudluq, regional enerji və ticarət şəbəkələri, Azərbaycan və İranla strateji münasibətlər.
Lakin əsas dəyişiklik budur ki, Moskva artıq sülh prosesinin yeganə mümkün vasitəçisi deyil. Vaşinqtonun 2025-ci ildəki diplomatik sıçrayışı Rusiyanın əvvəlki vasitəçilik üstünlüyünü ciddi şəkildə zəiflədib. Analitik qiymətləndirmələrdə də Rusiya üçün əvvəlki üçtərəfli mexanizmlərin siyasi çəkisinin azaldığı vurğulanır. Rusiyanın qarşısında iki seçim var. Birinci seçim qarşıdurma. Moskva Qərbin regiondakı rolunun artmasını öz strateji maraqlarına təhlükə kimi qiymətləndirərək prosesə mane olmağa çalışa bilər. İkinci seçim adaptasiya. Rusiya yeni reallığı qəbul edib Azərbaycan, İran, Türkiyə və Ermənistanla paralel münasibətlər saxlayaraq regionda yeni balans yaratmağa çalışa bilər. İkinci variant daha rasional görünür. Çünki Cənubi Qafqazda bütün prosesə veto qoymaq üçün Rusiyanın əvvəlki resursları artıq yoxdur.
İran: sülhə müsbət, ekstraterritorial dəhlizə ehtiyatlı
İranın Cənubi Qafqaz siyasətinin əsas prinsiplərindən biri regionun geosiyasi xəritəsinin onun sərhədləri hesabına dəyişdirilməsinə qarşı çıxmaqdır. Tehranın əsas narahatlığı Ermənistanın cənubundan keçəcək nəqliyyat xəttinin İranın Ermənistanla quru əlaqəsini zəiflətməsi, Türkiyə–Azərbaycan bağlantısını gücləndirməsi, İranın tranzit əhəmiyyətini azaltması, ABŞ-ın İranın şimal sərhədlərinə yaxın iqtisadi-strateji mövqeyini gücləndirməsi ehtimalıdır.
Burada mühüm fərq ondan ibarətdir ki, İran Ermənistan–Azərbaycan sülhünün özünə qarşı olmasından başqa, əsas problemin dəhlizin hansı hüquqi və geosiyasi modeldə həyata keçiriləcəyidir. Əgər TRIPP Ermənistanın suverenliyi və yurisdiksiyası altında adi beynəlxalq tranzit mexanizmi kimi fəaliyyət göstərərsə, İranın etirazları müəyyən qədər zəifləyə bilər. Əgər layihə ekstraterritorial və ya xüsusi təhlükəsizlik rejiminə malik ABŞ nəzarətində strateji dəhliz kimi qəbul edilərsə, Tehran bunu daha ciddi geosiyasi təhlükə kimi qiymətləndirə bilər.
Bu səbəbdən İranın ən real strategiyası layihəni tamamilə dayandırmaqdan çox, onun hüquqi və təhlükəsizlik parametrlərinə təsir etməkdir.
Gürcüstan nə istəyir?
Cənubi Qafqazın yeni nəqliyyat xəritəsində Gürcüstanın rolu da azalmır. Əksinə, Orta Dəhlizin hazırkı əsas xəttinin - Mərkəzi Asiya → Xəzər → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa marşrutunun əsas iştirakçılarındandır. Deməli, Ermənistanın nəqliyyat sisteminə daxil olması Gürcüstanı avtomatik olaraq əhəmiyyətsiz etmir. Əksinə, regionda iki və daha çox alternativ marşrutun formalaşması ümumi logistika sisteminin dayanıqlığını artıra bilər. Gürcüstanın əsas üstünlüyü isə Qara dənizə çıxışıdır. Bu baxımdan gələcəkdə Cənubi Qafqazın nəqliyyat modeli rəqabət yox, şəbəkələşmə formasında inkişaf edə bilər. Azərbaycan – Ermənistan – Gürcüstan – Türkiyə və Azərbaycan – Gürcüstan – Türkiyə xətləri bir-birini tamamlayan alternativlərə çevrilə bilər.
Orta Dəhliz: sülhün iqtisadi dayağı
Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirən multimodal sistemdir. Dünya Bankının hesablamalarına görə, düzgün investisiya, koordinasiya və rəqəmsallaşma ilə Orta Dəhlizdə daşınma vaxtını yarıya endirmək və yük axınlarını 2030-cu ilədək üç dəfə artırmaq mümkündür. Bank həmçinin Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin ciddi artacağını proqnozlaşdırır. Bu, region üçün fundamental məsələdir. Çünki sülhün ən etibarlı təminatçılarından biri iqtisadi qarşılıqlı asılılıqdır.
Əgər Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında dəmir yolları, avtomobil yolları, elektrik şəbəkələri, qaz və enerji infrastrukturu, fiber-optik xətlər, logistika mərkəzləri, sərhəd-keçid sistemləri bir-birinə bağlanarsa, müharibənin iqtisadi qiyməti kəskin yüksələr. Beləliklə, sülh siyasi sənəddən iqtisadi sistemə çevrilər.
TRIPP və Orta Dəhliz rəqib deyil
TRIPP haqqında müzakirələrdə tez-tez yanlış təsəvvür yaranır ki, bu layihə Orta Dəhlizin alternatividir. Əslində daha doğru yanaşma budur ki, TRIPP Orta Dəhlizin yeni cənub qoluna çevrilə bilər. Mövcud Orta Dəhlizin əsas Qafqaz marşrutu Gürcüstandan keçir. TRIPP isə Azərbaycanı Naxçıvan və Türkiyə istiqamətində Ermənistan üzərindən birləşdirə bilər. Beləliklə, gələcəkdə Qazaxıstan → Xəzər → Azərbaycan → Gürcüstan → Türkiyə və Qazaxıstan → Xəzər → Azərbaycan → Naxçıvan → Türkiyə paralel marşrutlar yarana bilər. Bunun geosiyasi əhəmiyyəti böyükdür. Çünki bir marşrutun siyasi və ya texniki səbəbdən bağlanması bütün sistemi iflic etməz.
Çin: sakit, amma uzunmüddətli oyunçu
Cənubi Qafqazda ABŞ, Rusiya, Türkiyə və İran qədər görünməsə də, Çin də uzunmüddətli strateji aktordur. Pekin üçün əsas sual ideoloji deyil, Çindən Avropaya yüklər hansı marşrutlarla daha təhlükəsiz, ucuz və proqnozlaşdırılan şəkildə daşına bilər? Ukrayna müharibəsi Şimal Dəhlizinin risklərini artırıb. Yaxın Şərqdəki qeyri-sabitlik və Süveyş–Qırmızı dəniz marşrutunun təhlükəsizlik problemləri isə alternativ marşrutların əhəmiyyətini artırır. Bu baxımdan Orta Dəhliz Çin üçün ehtiyat və diversifikasiya marşrutudur.
Pekin ABŞ-ın TRIPP-də artan rolunu ehtiyatla izləyəcək. Lakin Çin üçün əsas məsələ ABŞ-ın siyasi iştirakı deyil, logistika xəttinin açıq və iqtisadi cəhətdən səmərəli qalmasıdır. Ona görə Çin çox güman ki, ideoloji qarşıdurmadan daha çox infrastruktur və ticarət diplomatiyasına üstünlük verəcək. Cənubi Qafqazda heç bir böyük güc bütün prosesə təkbaşına nəzarət edə bilməz.
Sülhün geosiyasi rəqabətə çevrilməsi
Sülh prosesinin qarşısında yalnız Ermənistan–Azərbaycan ziddiyyətləri yoxdur. Daha böyük risk sülhün özünün böyük güclərin rəqabət meydanına çevrilməsidir. Əgər region ABŞ – TRIPP, Rusiya - alternativ tranzit və təhlükəsizlik mexanizmləri, İran - alternativ cənub marşrutları, Çin - Orta Dəhliz və Şərq–Qərb ticarəti, Aİ - Global Gateway modelinə düşsə, onda Cənubi Qafqaz yeni “dəhlizlər müharibəsi”nin səhnəsinə çevrilə bilər. Bu isə sülhün iqtisadi dividendlərini azalda bilər. Əksinə, optimal model rəqabət edən dəhlizlərin deyil, bir-birini tamamlayan dəhlizlər şəbəkəsinin yaradılmasıdır.
Azərbaycan bu yeni sistemdə Xəzər dənizinə çıxış, enerji resursları, Mərkəzi Asiya ilə əlaqələr, Türkiyə ilə strateji tərəfdaşlıq, Gürcüstan üzərindən Avropa çıxışı, Naxçıvan vasitəsilə Türkiyəyə alternativ bağlantı potensialı, Orta Dəhlizin əsas halqalarından biri olmaq kimi xüsusi geoiqtisadi mövqeyə malikdir. Bu üstünlüklərin hamısını birləşdirən konsepsiya Azərbaycanı regional tranzit ölkəsindən Avrasiya bağlantı platformasına çevirməsi ola bilər. Bunun üçün yalnız yollar və dəmir yolları kifayət etmir. Azərbaycanın gələcək rəqabət üstünlüyü liman, dəmir yolu, logistika, rəqəmsal gömrük, enerji, yaşıl enerji, fiber-optik şəbəkələr, azad iqtisadi zonalar, maliyyə xidmətləri kimi komponentlərin vahid sistemdə birləşdirilməsindən asılı olacaq.
Ermənistan üçün tarixi dönüş
Ermənistan baxımından proses daha mürəkkəbdir. Uzun illər ölkənin iqtisadi coğrafiyası Türkiyə və Azərbaycan sərhədlərinin bağlı olması səbəbindən ciddi məhdudlaşmışdı. Əgər Azərbaycanla sülh, Türkiyə ilə sərhədin açılması, dəmir yolu əlaqələrinin bərpası TRIPP, İranla alternativ əlaqələr, Gürcüstan üzərindən Avropa çıxışı eyni vaxtda reallaşarsa, Ermənistanın coğrafi təcridi əhəmiyyətli dərəcədə azalacaq. Bu, Ermənistan üçün yalnız iqtisadi məsələ deyil. Ölkə ilk dəfə uzun müddətdən sonra bir neçə geosiyasi istiqamət arasında seçim imkanına malik ola bilər. Bu isə Ermənistanın xarici siyasətində “bir təhlükəsizlik himayədarına ehtiyac” modelini zəiflədə bilər.
Kənarda qalmaq, yoxsa sistemə qoşulmaq?
Tehran qarşısında iki strateji yol var. Birinci yol – qarşı çıxmaq. İran TRIPP-in ABŞ iştirakı ilə reallaşmasını geosiyasi təhlükə hesab edib layihəyə mane olmağa çalışa bilər. Bu halda Tehran Ermənistan və Azərbaycanla münasibətlərdə daha sərt təhlükəsizlik siyasətinə keçə bilər. İkinci yol – alternativ təklif etmək. İran öz ərazisindən keçən Fars körfəzi – İran – Ermənistan – Qara dəniz marşrutunu inkişaf etdirə bilər.
Sülhün real təminatçısı nə olacaq? Burada ən vacib sual ortaya çıxır, Ermənistan və Azərbaycan arasında sülhü kim qoruyacaq? Əvvəlki sistemdə cavab əsasən Rusiya idi. Yeni sistemdə isə cavabın daha çox ikitərəfli mexanizmlər + beynəlxalq iqtisadi iştirak + regional bağlantı + çoxşaxəli diplomatiya olması ehtimalı yüksəkdir. Bu, klassik sülhməramlı modeldən fərqlidir.
Əgər iki ölkə arasında ticarət artırsa, sərhəd keçidləri işləyirsə, dəmir yolları açılırsa, enerji sistemləri birləşirsə və şirkətlər qarşılıqlı investisiya edirsə, sülhün pozulmasının qiyməti hər iki tərəf üçün yüksəlir. Beləliklə, iqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik mexanizminə çevrilir.
2025-ci ilin Vaşinqton görüşü Cənubi Qafqazda vasitəçilik modelinin dəyişməsinin simvoluna çevrildi. ABŞ prosesin əsas diplomatik təşəbbüskarı kimi çıxış etməyə başladı. 2026-cı ildə TRIPP üzrə ABŞ–Ermənistan çərçivə mexanizminin yaradılması bu diplomatik prosesin iqtisadi-infrastruktur mərhələsinə keçdiyini göstərir. Lakin ABŞ-ın yüksəlişi Rusiyanın, İranın, Türkiyənin, Aİ-nin və Çinin regiondakı maraqlarını aradan qaldırmır. Əksinə, Cənubi Qafqaz daha çox aktorun iştirak etdiyi mürəkkəb çoxqütblü sistemə çevrilir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB